16 Mart 2016 14:12
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların şikayəti təmin edilməyib. Bundan sonra onlar kasasiya şikayəti veriblər.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Abdulla Abdullayevin kasasiya şikayətini geri götürdüyü təsdiqlənib. Buna görə də hakim heyəti Abdulla Abdullayevin kasasiya şikayətini geri qaytarıblar.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər