Vətəndaşları aldadan səhiyyə işçisinin qanunsuz əməlləri ifşa edilib.
Teleqraf.com xəbər verir ki, Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Eldar Məmmədov Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 nəfər Cəbrayıl rayon sakininə, o cümlədən 81 nəfər 16 yaşına çatmamış şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxləri aldadıb.
Eldar Məmmədov onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov