1 Aprel 2016 15:32
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 6 yaşlı oğlunu qətlə yetirən ata istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev atası Famil Pərvanəyev tərəfindən döyülərək qətlə yetirilib. Ağstafa rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Famil Pərvanəyev həbs edilib.

İlkin məlumata görə, Famil 6 yaşlı oğlunu döyəndən sonra ağacla başına vurub. Zərbənin təsirindən 6 yaşlı oğlan vəfat edib. Famil Pərvanəyevin iki ailəsi olub. Məlumata görə, Familin başqa bir ailəsi Qazax rayonunda yaşayıb. Oğlunu öldürən Familin içki düşkünü olduğu bildirilir.

İstintaqa ifadə verən Famil Pərvanəyev oğlunu qətlə yetirdiyi üçün peşiman olduğunu deyib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Famil Pərvanəyev bildirib ki, bir müddət əvvəl kənd sakini Jalə Musayeva ilə ailə həyatı qurub.

Onu sözlərinə görə, Jalə Musayeva ilə rəsmi nikaha girməyib. O, qeyd edib ki, Jalə ilə qeyri-rəsmi yaşadığı müddətdə Şəmsəddin adlı oğlanları olub: “Hadisə baş verən günü evə gəlmişdim. Şəmsəddin dəcəllik edirdi. Bir neçə dəfə onun sakit olmasını istədim. Amma Şəmsəddin sakit olmurdu. Buna görə də ağacla Şəmsəddini vurmağa başladım. Əsəbi olduğum üçün özümdə deyildim. Buna görə də ağacın Şəmsəddinin başına dəyməsini bilməmişəm”.

Famil Pərvanəyev daha sonra qeyd edib ki, paytaxtda fərdi əməklə məşğul olub. Onun sözlərinə görə, bu səbəbdən kəndə ancaq bayramdan-bayrama gəlib: “Birinci ailəm kənddə yaşayıb. Bakıda olduğum vaxt Qazax rayonundan bir qızla tanış oldum və onunla ailə qurdum. Həmin qızın Qazaxda yaşayan ailəsigilə də getmişəm”.

Famil Pərvanəyev törətdiyi əməldən peşiman olduğunu bildirib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər