6 Aprel 2016 10:55
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində şirkət rəhbərinin qətlində ittiham olunan Şahvələd İmanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2013-cü ili mayın 16-da Nərimanov rayonu, Ənvər Qasımzadə küçəsi, 72 saylı binanın qarşısında əvvəllər məhkum olunmuş Şahvələd İmanov “Şəms” MMC-nin rəhbəri Mirəli Həqzadəyə hücum edərək ona 23 bıçaq zərbəsi vurmaqla ağır yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı Kliniki tibbi mərkəzə çatdırılsa da, kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumatla əlaqədar hadisə yeri Nərimanov RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunmaqla, müvafiq qan nümunələri və digər əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Şahvələd İmanov cinayəti törədəndən sonra yaşadığı Göygöl rayonuna qaçsa da, mayın 27-də həbs edilib, axtarış zamanı onun evində “TT” markalı tapança və 16 ədəd patron aşkar edilib. İmanovun vermiş olduğu ifadələr nəticəsində qətlin Aydın Rüstəmov tərəfindən sifariş verilməsi məlum olub.


Məhkəmə prosesində Aydın Rüstəmov ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, aprel ayında iş ortağı olan Mirəli Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olduğunu öyrənib. Bundan sonra araşdırmalar aparan Aydın Rüstəmov daha dəhşətli faktlarla qarşılaşıb və Mirəli Həqzadəni rüsvay etmək qərarına gəlib. O, tanışı Şahvələd İmanova 70 000 manat pul verəcəyini vəd edib və tapşırıb ki, o Mirəli Həqzadəni rüsvay etsin.

İş üzrə ifadə verən Şahvələd İmanov Mirəli Həqzadəni əvvəllər tanımadığını və onunla ədavəti olmadığını bildirib, günlərin bir günü tanışı Aydın Rüstəmov baş verən hadisəni ona danışaraq həmin adamı cəzalandırmaq istədiyini deyib. İmanov Həqzadənin üzünə çoxsaylı xəsarətlər yetirmək qərarına gəlib. Şahvələd aldığı sifariş əsasında mütəmadi olaraq Mirəlini güdməyə başlayıb, evdən çıxdığı və qayıtdığı vaxtları müəyyən edib.

Mayın 16-da o Həqzadənin idarə etdiyi “Toyota Prado” markalı avtomaşınla yaşadığı evin həyətinə gəldiyini görüb, buna görə əlverişli məqam taparaq onun üzərinə hücum edib. Şahvələd üzərində olan bıçaqla İmanovun sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb, sonradan eşidib ki, vurduğu şəxs xəstəxanada ölüb.

Keçirilən ekspertizanın rəyi ilə müəyyən edilib ki, Aydın Rüstəmov hazırda anlaqsızdır və barəsində tibbi xarakterli tədbirlər tətbiq olunması barədə qərar çıxarılıb. Onun cinayət işi Şahvələd İmanovin işindən ayrılıb.

Qeyd edək ki, Şahvələd İmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Şahvələd İmanov apelyasiya şikayəti verib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər