Göygöldə gənc qadın ailədaxili zorakılığın qurbanı olub. 19 yaşlı Ayşən Qurbanova qeyri-rəsmi münasibətdə olduğu 1987-ci il təvəllüdlü Bəhruz Quliyev tərəfindən bıçaqlanıb. O, Ayşən Qurbanovaya 5 bıçaq zərbəsi vurub.
Teleqraf.com xəbər verir ki, hadisənin baş verməsinə səbəb isə qısqanclıq olub. Bəhruz Quliyev qeyri-rəsmi münasibətdə olduğu Ayşən Qurbanova ilə 2013-cü ilin aprel ayından ər-arvad münasibətlərini dayandırıblar.
Bundan sonra o, Ayşən Qurbanovanın həmin ilin təxminən may ayının sonlarında telefonla tanımadığı kişi ilə danışmasını bilib. O, həmin məlumatı əldə edəndən bir neçə gün sonra Ayşən Qurbanovanın Göygöl şəhər avtovağzalında tanımadığı kişi ilə görüşdüyünü görüb.
Xəyanət
Bəhruz Quliyev bu hərəkətləri ilə Ayşənin ona xəyanət etməsi qənaətinə gəlib. Buna görə də o, Ayşən Qurbanovanı qisas almaq niyyəti ilə qəsdən öldürməyi qət edib.
O, 8 iyun 2013-cü il tarixdə, saat 24 radələrində Göygöl rayonu Aşıqlı kəndindəki yaşadığı evdən bıçaq götürərək Ayşən Qurbanovanın yaşadığı Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi 4 nömrəli evə gəlib. Orada Bəhruz Ayşəndən bir neçə gün əvvəl Göygöl şəhər avtovağzalında görüşdüyü şəxsin kimliyini soruşub.
Qisas və cinayət
Ayşən Qurbanova bu məsələ ilə bağlı onu sorğu-sual etməyə ixtiyarının olmadığını deyib. Ayşənin bu cavabı Bəhruz Quliyevi daha da əsəbiləşdirib. O, özündə olan bıçaqla Ayşən Qurbanovaya çoxsaylı zərbələr vurub.
Həmin vaxt Ayşən Qurbanova aldığı xəsarətlərdən huşunu itirib. Buna görə də Bəhruz onun öldüyünü zənn edib və evdən gedib. Bu zaman səsə qonşuluqda yaşayan Ayşənin xalası Güləmbər Əliyeva və digər şəxslər gəliblər. Onlar Ayşən Qurbanovanı vaxtında xəstəxanaya çatdırdıqları üçün onun həyatını həkimlər xilas edə bilib.
Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçridiyi əməliyyat tədbirləri nəticəsində Bəhruz Quliyev həbs olunub. O, həbs olunandan sonra məlum olub ki, münasibətdə olmağa başladıqları vaxt Ayşən Qurbanova yetkinlik yaşına çatmayıb və onun həmin vaxt 16 yaşı olub.
Ayşənin yetkinlik yaşına çatmamasını nəzərə alan istintaq orqanı onunla nikaha girdiyi üçün Bəhruz Quliyevə əlavə ittihamlar irəli sürüb.
8 il 6 ay cəza
Bəhruz Quliyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham edilib.
Bəhruz Quliyevin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə baxan hakim kollegiyası Bəhruz Quliyevin əməlini tam sübuta yetirib və onun barəsində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə cəza təyin edilib.
Hökmdən narazı qalan Bəhruz Quliyev apelyasiya şikayəti versə də, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.
Apelyasiya instansiyasında da xahişi nəzərə alınmayan Bəhruz Quliyev Ali Məhkəməyə üz tutub. O, yazdığı kasasiya şikayətində bildirib ki, cinayəti törədəndən sonra hüquq-mühafizə orqanlarına könüllü təslim olub.
Məhkumun xahişi
Bəhruz Quliyev bildirib ki, zərərçəkmiş şəxsin razılığı ilə ailə həyata qurub: “Bizim bu nikahdan bir uşağımız olub. Zərərçəkmiş şəxslə ailə həyatı quranda mənim 19 yaşı olub. Lakin ibtidai istintaq orqanı heç bir əsas olmadan mənə Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə ittiham verib. Məhkəmələr isə məni həmin maddə ilə məhkum ediblər”.
Bəhruz Quliyev şikayətində ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə bəraət verilməsini, 29,120.1-ci maddələri ilə cəzasının yüngülləşdirilməsini xahiş edib.
Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Bəhruz Quliyevin kasasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov