Bu gün Ağır Cinayətlər Məhkəməsində quldurluqda, insan alveri, hədə-qorxu yolu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunan Elməddin Şahbazov, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov, Xəyal Bədəlov, Elvin Həsənzadə və Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyiblər.
Onlar Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov tutulublar.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Salyan rayon sakinləri Namus Qiyamovdan və Tofiq Abbasovdan hədə-qorxu gələrək pul tələb etmiş qrupun digər üzvü - Neftçala rayon sakini Pünhan Sayılov tutulub.
Onların Bakı şəhər sakinləri oğurlayaraq pul tələb etdikləri də ortaya çıxıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsüirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elməddin Şahbazov 16 il, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov və Elnur Abbasov 14 il, Xəyal Bədəlov və Elvin Həsənzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov