Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət hadisəsi 2015-ci il noyabr ayının 5-də baş verib. Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynov aralarında yaranan mübahisə zəminində 1988-ci il təvəllüdlü həyat yoldaşı Ramilə Hüseynovaya bir neçə bıçaq xəsarətləri yetirib. Yaralı aldığı xəsarətlərin ağırlığından evdə dünyasını dəyişib. Qətli törədən Xəqani Hüseynov tutularaq istintaqa cəlb edilib.
O, ilkin dindirilmə zamanı həyat yoldaşının ona xəyanət etdiyini və bu səbəbdən də qətli törətdiyini bildirib. Cütlük hadisədən 3 il əvvəl ailə həyatı qurub, övladları yoxdur.
Xəqani Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəqani Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov