Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keşirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Gəncə-Şəmkir şossesinin 13-cü kilometrliyində şübhəli qismində saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin baqajında olan iki ədəd çantadan Gürcüstanda istehsal edilən 30.000 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan “Pirveli” siqaretləri aşkar edilərək götürülüb.
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda isə Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa bamperinin arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 14.400 ədəd siqaret aşkar olunaraq götürülüb.
Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarətinə daxil olan digər nəqliyyat vasitəsindən də 17.400 ədəd siqaret aşkar edilib. Siqaretlər nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin ön və arxa bamperlərinin arxasındakı boşluqlardan aşkarlanıb.
Ümumilikdə 3 fakt üzrə 61.800 ədəd siqaret aşkar edilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.