21 Aprel 2016 14:18
3 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan həbsxanasında cinayət törədən məhkuma 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan həbsxanasında məhkumu öldürməyə cəhddə ittiham olunan Ramiz İmaniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Qobustan həbsxanasının 512-ci kamerasında baş verib. Ramiz İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin yatdığı yerdə üstünə qaynar su tökərək yandırıb.

Ağasadıq Əliyevə tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Ramiz İmaniyev Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, bundan əvvəl Ramiz İmaniyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə zamanı xəsarət alan Ağasadıq Əliyev isə “Eurovision 2012” mahnı yarışması ərəfəsində Azərbaycan Prezidentinə sui-qəsdə cəhddə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub.

Əlavə edək ki, Ağasadıq Əliyev Vüqar Padarovun rəhbərlik etdiyi dəstənin üzvü olub. İttihama görə, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirməyi, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, bu strukturların əməkdaşlarını öldürülməyi və inzibati binalarda olan silah-sursat ələ keçirməyi planlaşdırıblar. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Mübariz Mirili bildirib ki, təqsirləndirilən Ramiz İmaniyev bundan əvvəl təyin olunmuş cəzanın 3 il 6 ay 27 günün çəkib. Onun sözlərinə görə, mühakimə olunan şəxsin qalan cəzası çəkilməyib: “Bu səbəbdən də Ramiz İmaniyevin əvvəlki cəzası bu cəza ilə əvəz olunmalıdır. Ramiz İmaniyevin əvvəlki hökmünə əsasən ona təyin edilmiş cəzanın 7 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir”.

Prokuror çıxışının sonunda Ramiz İmaniyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxs məcbur qalaraq cinayəti törədib: “Zərərçəkmiş vəhhabi olub və onun şəxsiyyəti məhkəmədə məlum oldu. Ramiz İmaniyev onunla bir kamerada qalmaması üçün həbsxana rəhbərliyinə müraciət edib. Müraciət edəndən sonra Ramiz İmaniyevin kamerasını dəyişiblər. Amma sonradan yenə də Ramiz İmaniyevi Ağasadıq Əliyevlə eyni kameraya salıblar. Ağasadıq Ramizdən vəhhabi təriqətini qəbul etməyi, onlar kimi namaz qılmağı tələb edib. Onlar eyni kamerada olsalar da, heç vaxt yola getməyiblər”.

Vəkil əlavə edib ki, Ramiz İmaniyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsi ağır cəzadır: “Düzdür, Ramiz İmaniyev cinayət törədib. O, qanunlar çərçivəsindən kənara çıxmamalı idi. Buna baxmayaraq, Ramiz İmaniyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə cəza ağırdır. Ramiz İmaniyev peşmançılıq hissi keçirir, ona cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətinin nəzərə alınmasını xahiş edirəm”.

Daha sonra son sözlə çıxış edən Ramiz İmaniyev bildirib ki, Ağasadıq Əliyevə qarşı törətdiyi cinayətə görə peşmançılıq hissi keçirmir: “Ağasadıq ağ etmişdi. Məni, ibadət etdiyim dinimi təhqir edirdi. Bu təhqirə heç kim dözə bilməzdi. Mən də məcbur qalaraq bu cinayəti törətmişəm”.

Hakimlər daha sonra hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Məhkəmənin hökmü ilə Ramiz İmaniyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər