22 Aprel 2016 17:15
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimov son söz deyib. O ittihamlarla razılaşmayıb. Mehman Səlimov çıxışı zamanı sabiq müdafiə naziri Səfər Əbiyevin ünvanına ittihamlar səsləndirib. O bildirib ki, Səfər Əbiyevin dövründə hərbi hissələrdə aparılan tikinti işlərinə ayrılan pullar digər dövlət qurumlarından az olub: "Ayrılan pulla tikintini başa çatdırmaq çümkün deyildi. Bildirirdilər ki, büdcədə pul yoxdur, gələcəkdə vəziyyət yaxşı olacaq. S.Əbiyev işdən çıxarılandan sonra qara günlər başladı. Məni Səfər Əbiyevin adamı kimi tikinti işlərinə buraxmadılar. Sonrada məni MTN-ə çağırıb S.Əbiyevin üzünə durmağa məcbur edirdilər. Onun üzünə durmadığım üçün barəmdə cinayət işi başlanıb, 1 ilə yaxındır ki, həbsdə saxlanılıram. Mən bu vətən üçün canımı vermişəm. Gördüyüm işlərə görə dövlət bayrağı ordeni ilə təltif edilmişəm. Xidmətlərimin və 60 yaşında olmağımın nəzərə alınmasını xahiş edirəm".

Daha sonra hakimlər müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Məhkəmənin hömü ilə Mehman Səlimova 8 il cəza verilib.

Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin pul Mehman Səlimovdan tutulacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Mehman Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər