Azərbaycanda yetkinlik yaşına çatmayanların cəza müddətinin maksimum həddinin 8 ilə endirilməsi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində saxlanma yaşının isə 18-dən 20-ə qaldırılması təklif olunub.
Təklifi Milli Məclisə UNICEF-in Azərbaycandakı nümayəndəliyi təqdim edib.
“Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze bildirib ki, yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı konkret təklifləri var: “Bunlardan birincisi yetkinlik yaşına çatmayanların cəzasını 10 il müddətdən aşağı endirilməsidir. Avropada bu rəqəm maksimum 6 ildir.
Azərbaycanda insan hüquqları, o cümlədən, uşaq hüquqlarının təmin edilməsində, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uğurlu addımlar atılıb. Hesab edirəm ki, təklif bunun davamı olar və uşaqların islahında uğurlu nəticələr verər”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, təklifləri yüksək qiymətləndirmək olar: “Yalnız müəssisədə saxlanma yaşının 18-dən 20-yə qaldırılmasının düzgün olub-olmaması mübahisəli məsələdir. Hesab edirəm ki, bu məsələdə Ədliyyə Nazirliyinin, cəzanı idarə edən orqanların rəy və tövsiyələrini nəzərə almaq lazımdır”.
Statistik rəqəmlər
Statistik rəqəmlərə nəzər saldıqda məlum olur ki, Azərbaycanda məhkum olunmuş 14-18 yaşadək uşaqların sayı 1993-cü ildə 689, 2014-ci ildə bu rəqəm azalaraq 280 nəfər olub. 1993-cü ildə 14-16 yaşadək 78, 2014-cü ildə isə 48 nəfər olub.
1993-cü ildə 16-18 yaşadək məhkum uşaqların sayı 611, 2014-cü ildə 232 nəfərə çatıb: oğlanlar – 683, 2014-cü ildə – 272 nəfər. Qızlar 1993-cü ildə 6, 2014-cü ildə isə 8 olub.
14-18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərdə uşaqların sayı 1993-cu ildə 821, 2014-ci ildə 479 nəfər olub. Ağır və xüsusilə ağır cinayətlərdə uşaqların sayı 1993-cü ildə 127, 2014-ci ildə 75 nəfərə çatıb.
1993-cü ildə zorlama və zorlamaya edilən cəhd ildən-ilə azalıb və 2014-cu ildə sıfır həddə olub.
Alternativ tədbirlərin görülməsi
Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadənin sözlərinə görə, hazırda əsas müzakirə predmeti cəzanın maksimum müddətinin, yəni 10 ilədək həddin aşağı salınmasıdır: “Ümumilikdə azadlıqdan məhrumetmə ən son zərurət tədbiri kimi nəzərdə tutulmalıdır. BMT-nin Uşaq hüquqları Komitəsi tərəfindən ölkəmizə verilən tövsiyələrdə də bu məsələ yer alıb.
Müzakirə predmeti olan məsələlərdən biri də azadlıqdan məhrum edilmiş uşaq yetkinlik yaşına çatdıqda, yəni 18 yaşı tamam olduqda yetkinlik yaşına çatmış şəxslərlə bir cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsidir. Düşünürəm ki, qanunvericilik onların 20 yaşadək tərbiyə müəssisəsində saxlanmasına imkan versə də, nəticə həmin şəxslərin digər cəzaçəkmə müəssisələrinə köçürülməsinə gətirib çıxarır”.
Ombusdman Aparatı rəsmisinin sözlərinə görə, bu məsələ alternativ tədbirlərin görülməsinə, cəmiyyətə adaptasiya tədbirlərinin tətbiqinə ehtiyac vardır: “Ombusdmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində bir sıra müəssisələrdə, o cümlədən, azadlıqdan məhrum olunmuş yetkinlik yaşına çatmayanların saxlandığı Uşaq Tərbiyə Müəssisəsində oluruq. Bu qrupdan olan yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti, onlarla rəftar və cəmiyyətə adaptasiya məsələlərinin monitorinqi baş çəkmələrin əsas məqsədi olur.
Bu gün zərurət duyulan tədbirlər sırasında, yetkinlik yaşına çatanlar tərəfindən törədilən hüquq pozuntularının səbəbinin araşdırılması, alternativ tədbirlərin genişləndirilməsi, onların sosial xidmətə istiqamətləndirilməsi imkanlarını genişləndirmək daha effektiv olardı.
Xüsusilə icra hakimiyyəti orqanları yaninda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işinin bir mexanizm olaraq təkmilləşdirilməsi bu sahəyə mühüm töhfə verə bilər”.
Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində 37 nəfər cəza çəkir.
Cinayət törətmiş 15-ə yaxın qızın taleyi
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, Cinayət Məcəlləsinin 85-ci maddəsində yetkinlik yaşına çatmayanlar üçün 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub: “Bu maddədə dəyişiklik edilməsi müsbət addım olar. Təkliflərdə digər məqam müəssisədə saxlanılan azyaşlıların yaş həddinin maksimum 18-dən 20-yə qaldırmaqdır. Cinayət-Prosessual Məcəllədə istisna hal var. Amma bunu konkretləşdirmək və bütün hallara şamil etmək lazımdır.
Digər təklif isə məhkəmələrdə və polis bölmələrində uşaqlar üçün ayrıca otaqların olmasıdır. Xüsusilə, şübhəli qismində saxlanan azyaşlı polis idarəsinə arxa qapıdan, özü də polis formalı yox, mülki geyimli şəxs tərəfindən qarşılanmaqla keçməlidir. Bu, uşaqların islah olunmasında və psixoloji mühafizəsində önəmli amildir”.
Nazir Quliyevin sözlərinə görə, Azərbaycanda yetkinlik yaşına çatmayan qızlar üçün Uşaq Tərbiyə Müəssisəsi yoxdur: “Bəzi hallarda istintaq dövrü yekunlaşana kimi 18 yaşa çatırlar və onlar qadın həbsxanasına göndərilirlər.
Əvvəllər Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ilə “Ümidli Gələcək Təşkilatı” ilə birlikdə sosial reabilitasiya mərkəzi var idi. Sonra maliyyə olmadı deyə layihə dayandı.
5 il fəaliyyət göstərdiyi müddətdə orada 15-ə yaxın yetkinlik yaşına çatmayan qız var idi. Bildiyiniz kimi, Tərbiyə Müəssisəsində 37 nəfər yetkinlik yaşına çatmayan uşaqlar cəza çəkir. Onlardan 70 faizi 16 yaşdan yuxarı uşaqlardır”.
İlhamə Əbülfət