25 Aprel 2016 18:22
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Rayon Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.

Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan, 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Qeyd edək ki, Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunaraq məhkum olunub. Həmin hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Bundan əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər. Qərara görə, Rauf Sultanovun barəsində olan hökm ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə Rauf Sultanovun cinayət işini hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Rauf Sultanovun qardaşı Fuad Sultanov bildirib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Onun sözlərinə görə, xətşünaslıq ekspertizanın rəyində imzaların Rauf Sultanov tərəfindən imzalanmadığı qeyd olunub. Amma həmin ekspertiza rəyi hökmdə qeyd olunmayıb.

Fuad Sultanov hökmdən apelyasiya şikayəti verildiyini bildirib. Apelyasiya şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rizvan Səfərovun icraatına verilib. Yaxın günlərdə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər