Bu gün Nəsimi rayonu Məhkəməsində AZTV-nin sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı pul təzminatı ilə bağlı iddiasına baxılıb.
Teleqraf.com xəbər verir ki, Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Arif Alişanovun Qulu Məhərrəmlinin təzminat ödəməsi ilə bağlı mülki iddiasının icraatı dayandırılıb. Buna səbəb Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi olub.
Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.
Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.
Xatırladaq ki, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib. Bu iş üzrə məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.
Hacı Zeynalov