26 Aprel 2016 12:01
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində tamah məqsədilə qadını qətlə yetirməkdə ittiham olunan Rüfət İskəndərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci il avqustun 26-da 68 yaşlı Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsində, yaşadığı evdə meyiti aşkar olunub. Məhkəmə-tibb ekspertizasının rəyindən məlum olub ki, qatillər Əzizə Həsənovanı boğub öldürüblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Əzizə Həsənovanı evində qətlə yetirən şəxslərin Zəngilan rayonunda doğulmuş 1990-cı il təvəllüdlü Muxtar Qədirov və 1989-cu il təvəllüdlü Rüfət İskəndərovun olduğu müəyyən edilib.

Sentyabrın 9-da Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Muxtar Qədirovu qeyri-rəsmi yaşadığı Məryəm Malışevanın evində saxlayıblar, onun ifadəsi əsasında səhərisi gün Rüfət İskəndərov yaxalanıb.

İstintaq nəticəsində bəlli olub ki, Muxtar Qədirov qonşusu Əzizə Həsənovanın 40 min manata torpaq satdığını və həmin pulun evdə ola biləcəyini güman edərək Rüfət İskəndərovla plan qurublar. Onlar Əzizəni bir müddət izləyiblər.

Əzizə Həsənovanın saat neçədə yuxudan oyanmasını, evdə başqa şəxslərin olub-olmamasını dəqiqləşdirdikdən sonra avqustun 26-da səhər saat 5 radələrində onun evinə soxulublar.

Əzizə Həsənova evdən həyətə çıxanda onu qapının yanında huşsuz vəziyyətə salıb, sonradan evin içərisinə aparıblar. Zərərçəkənin ayıldığını və müqavimət göstərdiyini görən quldurlar onu boğublar.

Sonra evin otaqlarında axtarış aparıblar. Yataq otağındakı döşəklərin arasından 1 qızıl üzük, bilərzik, bir cüt sırğa və qızıl üzük komplektini, həmçinin şkafdan 260 manat pulu tapıblar. Əllərinə keçəni götürüb hadisə yerindən qaçıblar.

Rüfət həmin puldan 100 manat Muxtara verib və öz evinə gedib.

Avqustun 27-də Muxtar qeyri-rəsmi yaşadığı Məryəm Malışeva ilə Mərkəzi Univermağa gedib, qızıl əşyaları 525 manata satıblar. Sonra Muxtarla Rüfət “28 May” metrosuna yaxın kafedə görüşüblər. Muxtar dostuna qızılları 400 manata satdığını deyib və ona cəmi 120 manat verib.

İş üzrə dindirilən Muxtar Qədirovun sözlərinə görə, sentyabrın 8-də anası ilə şəhər telefonu ilə danışıb. Anası qonşuluqda yaşayan Əzizə Həsənovanı öldürüldüyünü və onu prokurorluğun müstəntiqi soruşduğunu deyib. Muxtar bundan xəbəri olmadığı, hazırda xəstə yatdığını və sağalan kimi prokurorluğa gedəcəyini deyib.

Sentyabrın 9-da isə polislər evə gələrək, onu və Məryəmi polis idarəsinə aparıblar. Muxtar Qədirov qeyd edib ki, Məryəm cinayətin törədilməsində, plan qurulmasında, izlərin itirilməsində onlara kömək göstərməyib, qadın yalnız onların evə qulduruluq məqsədilə girəcəklərini bilib.

Rüfət İskəndərov isə ifadəsində göstərib ki, sentyabrın 10-dək törətdikləri cinayət barədə heç kəsə məlumat verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Qədirov 20, Rüfət İskəndərov 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmdən məhkumlardan biri – Rüfət İskəndərov cəzasının yüngülləşdirilməsi məqsədi ilə apelyasiya şikayəti verib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Rüfət İskəndərovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər