Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1960-ci il təvəllüdlü Yeqor Avşarov anası, 1938-ci il təvəllüdlü Lidiya Avşarovanı döyüb.
Lidiya Avşarova aldığı kəllə-beyin travmasından vəfat edib. Suraxanı Rayon Polis İdarəsi və prokurorluq əməkdaşları tərəfindən cinayəti törədən Yeqor Avşarov həbs edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, son bir həftə ərzində Suraxanı rayonunda baş verən ikinci qətl hadisədir. Aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilib.
Qətli törətmiş Vüsal İsayev və Şəmsi Məhərrəmov tutulublar. Vüsal İsayev və Şəmsi Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyalarını təhvil veriblər.
Hacı Zeynalov