Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşınını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 18-də Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. Hadisə zamanı Faiq Ağayev ölüb. Hadisədən sonra Tofiq Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, hadisə günü Faiq Ağayev evə sərxoş halda gəlib. O, qardaşı Tofiq Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Mübahisə sonda cinayətlə nəticələnib.
Tofiq Ağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tofiq Ağayev bundan əvvəl də 9 il məhkumluq həyatı yaşayıb.
Hacı Zeynalov