3 May 2016 14:37
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl hadisəsi törətməkdə təqsirli bilinən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin oktyabrın 18-də Xaçmaz rayonun Ləcət kəndinin meşə zolağında Xudat şəhər sakini, 1982-ci il təvəllüdlü Zamiq Xeyirov qətlə yetirilib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsi müəyyən olunub. Polis əməkdaşları Nazim Zəkərayevi həbs ediblər.

Hadisədən sonra Radik Məmmədov ölkə hüdudlarından kənara çıxdığı üçün onu həbs etmək mümkün olmayıb.

24 yaşlı Radik Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub, saxlanılması üçün İnterpola müraciət edilib.

Bir neçə aydan sonra Radik Məmmədov Rusiya ərazisində həbs olunaraq Azərbaycan tərəfə təhvil verilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: