5 May 2016 16:08
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseybov, eləcə də Rafael Əbdürrəhmanov, Elnarə Qarayeva, Firdovsi Məmmədov, Ələsgər Həsənov, Hafiz Fərəcov, Natiq Cəfərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rafael Əbdürrəhmanov 14 il, Ədalət Müseybov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər – Elnarə Qarayeva 9 il, Firdovsi Məmmədov 8 il, Natiq Cəfərli 5 il, Ələsgər Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə onların barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq əsas cəza şərti hesab edilməklə 2 il sinaq müddəti müəyyən edib.

İttihama görə, Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürrəhmanov 2008-2009-cu illər ərzində “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə cinayət əlaqəsinə giriblər.

Dəstə üzvləri vətəndaşların evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək talayıblar.

Habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslərdən Ədalət Müseybov, Rafael Əbdürrəhmanov, Elnarə Qarayeva “Röyalbank”ın başqa bir cinayət işində məhkum olunublar.

Bundan əvvəl aparılan cinayət işinə görə, Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürrəhmanov 2008-2009-cu illər ərzində “Kapitalbank” ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, “Azəriqazbank” ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriblər. Onlar 2014-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

“Röyalbank” cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində də bir neçə icraatda məhkəmə istintaqı aparılıb.

İttihama görə, “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad və digərləri ilə qabaqcadan əlbir olublar. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kredit verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəliblər.

Mütəşəkkil dəstənin üzvləri bu məqsədlə kənd təsərrüfatı krediti almaq üçün bankın “Tovuz” filialına müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu onlara verməyib, kassadan götürüblər.

Ədalət Müseyibov və digər şəxslər adları qeyd olunan şəxslərə verilməli 400 min manat pulu mənimsəyiblər.

İstintaq həmçinin müəyyən edib ki, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və digərləri ilə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda əmlakı ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120 min manat məbləğində kredit rəsmiləşdirib.

Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyiblər.

Bundan başqa, istintaq müəyyən edib ki, “Röyalbank”ın paytaxtda olan baş ofisində və digər filiallarında da qanunsuz hərəkətlər aşkarlanıb.

Bankın vəzifəli şəxsləri bir qrup vətəndaşın adına kredit yazsa da, həmin kreditlər vətəndaşlara verilməyib və bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Bununla da bankın vəzifəli şəxsləri 10 milyondan çox pulu mənimsəyərək, cinayət əməli törədiblər.

İran mənşəli ABŞ vətəndaşı Əli Cam əsas səhmdarı olduğu “Royalbank” ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. 1993-cü ildən fəaliyyət göstərən “Royalbank”ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır.

İranın çirkli pullarının “Royalbank”da yuyulması barədə də iddialar yayılıb. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu.

“Royalbank”ın əsas səhmdarı olan İran mənşəli ABŞ vətəndaşı Əli Cam istintaq başlanan kimi Azərbaycanı gizlicə tərk edib və istintaqdan yayınmağı bacarıb. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Camın barəsində İnterpol vasitəsi ilə həbsli axtarış elan ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə digər təqsirləndirilənlər Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və onlar şərti cəza alıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər