Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən, 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə Xalidə İsgəndərovanın qızı Əmanə İsgəndərovanın nümayəndəsi, Səbail rayon icra hakimiyyətinin işçisi Gülnar Rəhimova gəlməyib. Hakim bildirib ki, nümayəndə hansı səbəbdən məhkəməyə gəlməməsi ilə bağlı heç bir cavab verməyib.
Hakim bildirib ki, nümayəndə telefon zənglərinə də cavab vermir. Hakim başqa şahidlərin dindirilməsini təklif edib. Hakim həmçinin bildirib ki, Xalidə İsgəndərovanın digər qızı Bülbül İsgəndərovanın dindirilməsi vacibdir.
Amma Bülbül İsgəndərova məlum olmayan səbəblərdən prosesdə iştirak etmirdi. Hakim onun məhkəməyə gətirilməsinin vacib olduğunu deyib. Bundan sonra hakim mərhum Füzuli İsgəndərovun bacısının dindirilməsini təklif edib.
Buna Xalidə İsgəndərovanın vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov etiraz edib. Abuzər Mütəllimov bildirib ki, məhkəmədə şahidlərin dindirilməsi ardıcıllığı qorunmalıdır: “Şahid Əmanə İsgəndərovanın ötən məhkəmə iclasında dindirilməsi yarımçıq saxlanılıb. Bu səbəbdən Əmanənin dindirilməsi başa çatsın və sonra digər şahidlərin dindirilməsi təmin edilsin. Çünki bizim hər şahidə ayrı sualımız var. Burada qarışıqlıq yarana bilər”.
Hakim bildirib ki, şahidləri istənilən vaxt məhkəməyə çağırmağa qanun yol verir: “İfadəsi yarımçıq saxlanılan şahid növbəti məhkəmə iclasında dindirilə bilər. Buna görə də vaxt itirmək lazım deyil, başqa şahidlər dindirilsin. Bu cinayət işi böyük həcmli işdir. Bu işi araşdırmaq üçün vaxt lazımdır. Amma tərəflər işi uzadırlar. Şahidin işi məhkəmədə dindirilməkdir. Məhkəmə 10 dəfə də çağırsa, 100 dəfə də çağırsa, onlar məhkəmənin çağırışlarına gəlməlidir”.
Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi də deyib ki, şahidlərin dindirilməsi ardıcıllığı qorumalıdır: “Buna görə də məhkəmə iclası təxirə salınmalıdır”.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, şahidlərin dindirilməsi ardıcıllığının qorunması üçün əsas yoxdur: “Mənin şahidlərə verəcəyim suallar özümə məlumdur. Buna görə də hansı şahidin dindirilməsi ilə bağlı problemimiz yoxdur”.
Tərəflərin istəyini nəzərə alan hakim məhkəmə iclasını mayın 16-dək təxirə salıb.
Qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.
Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.
Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub.
Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş.
Hacı Zeynalov