6 May 2016 17:19
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Xəqani Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin may ayının ortalarında Fuad Gülalıyev Xəqani Nəsirovun tanışı Xəyalə Cəfərovadan 2000 manat borc pul alıb. Bu puldan 1200 manatı Fuad Xəyaləyə qaytarmayıb.

Bunu öyrənən Xəqani Nəsirov Xəyalə Cəfərovanın razılığı ilə həmin vəsaitin qaytarılması üçün Fuad Gülalıyevin anası Zümrüd Gülalıyeva ilə telefon əlaqəsi saxlayıb.

Xəqani özünü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi kimi təqdim edərək, Xəyalə Cəfərovanın Zümrüdün oğlu barəsində idarəyə şikayət etdiyini bildirib, alınmış pul qaytarılmadığı təqdirdə Fuad Gülalıyevi cinayət məsuliyyətinə cəlb edəcəyini söyləyib.

İki maddəli cinayət işi

Xəqani Nəsirov 29 may 2014-cü il tarixdə, saat 14.00-da Nəsimi rayonu, Cavadxan küçəsi, 14 saylı evin qarşısında Zümrüd Gülalıyeva və onun qızı Narınc Gülalıyeva ilə görüşüb Xəyalə Cəfərovaya çatacaq 1200 manatı alıb, hətta bu barədə onların yanında Xəyalə Cəfərovaya da məlumat verib.

Lakin Xəyalə Cəfərovaya verdiyi vədə əməl etməyərək həmin pulu ona verməyib. O, etibardan sui-istifadə edərək Xəyalə Cəfərovaya qarşı ziyan vurmaqla dələduzluq edib.

Xəqani Nəsirov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Məhkəmə Xəqani Nəsirovun ittiham olunduğu vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamını sübuta yetirə bilməyib. Buna görə də ona həmin maddə ilə bəraət verilib. Məhkəmə dələduzluq ittihamını sübuta yetirib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Xəqani Nəsirovun cəzasının ağırlaşdırılmasını istəyib. Xəqani Nəsirov isə barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti verib.

Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Abid Abdinbəyovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Özümü müstəntiq kimi təqdim etdim”

Xəqani Nəsirov bildirib ki, 2014-cü ilin əvvəllərində Xəyalə Cəfərova ilə tanış olub və onunla bir müddət münasibət saxlayıb: “Həmin ilin may ayında Xəyalə ilə növbəti dəfə görüşərkən onun əsəbi olduğunu gördüm və bunun səbəbini soruşdum. Xəyalə Fuad adlı tanışına borca 2000 manat verdiyini, həmin puldan isə yalnız 800 manatını geri aldığını, qalan məbləğin isə qaytarılmadığını bildirdi. Xəyaləyə kömək etmək məqsədi ilə Fuadın telefon nömrəsini aldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fuadla danışaraq görüşməyi təklif etsə də, Fuad görüşə gəlməyib: “Sonradan Fuadın bacısı Narınc Gülalıyeva və anası Zümrüd Gülalıyeva ilə danışaraq özümü onlara Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi kimi təqdim etdim. Bildirdim ki, pulu qaytarılmadığı üçün Xəyalə Cəfərova Fuad barəsində idarəyə şikayət edib. Bu məsələni əvvəlcədən Xəyalə ilə də razılaşmışdım. Həmin gün Xəyalə zəng edərək söylədi ki, danışığından sonra Fuadın ailə üzvləri ona zəng edib və pulu qaytarmaqla bağlı danışıqlar aparmağı xahiş ediblər”.

“Pulu aldığımı bildirdim”

Xəqani Nəsirov qeyd edib ki, mayın 29-da Fuadın anası ona yenidən zəng edib və pulu verməyə hazır olduğunu bildirib, görüşməyi təklif edib: “Mən də həmin gün metronun “20 Yanvar” stansiyası yaxınlığından “Mercedes Benz” markalı taksiyə əyləşərək Cavadxan küçəsinə gəldim. Orada Fuadın anası Zümrüd və bacısı Narınc ilə görüşdüm. Onları gəldiyim taksiyə əyləşdirdim. Özümün həqiqətən də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğuma onlarda inam yaratmaq üçün görüşə pencək və qalstukla gəlmişdim. Həmin şəxslərə vəsiqə nümayiş etdirərək bir daha özümü idarənin müstəntiqi kimi təqdim etdim. Taksidə Zümrüd Xəyaləyə çatacaq 1200 manat pulu mənə verdi. Mən də onların yanında Xəyaləyə zəng vurdum və pulu aldığımı bildirdim”.

“Xəyalə ilə görüşmədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Xəyaləyə həmin pulu çatdırmayib və onu xərcləməyə başlayıb: “Əvvəlcə “20 Yanvar” dairəsinin yaxınlığında olan dükanların birindən özümə “Samsung” markalı mobil telefon, habelə şəxsi ehtiyaclarım ilə bağlı digər əşyalar aldım. Günün sonuna kimi həmin puldan artıq 800-900 manatını xərcləmişdim. Bu səbəbdən də Xəyalə ilə görüşmədim. Sonra ümumiyyətlə onunla əlaqə saxlamadım. Bir müddətdən sonra məlum oldu ki, Xəyalə atam ilə əlaqə saxlayıb, atam da məndən məsələni soruşanda əvvəlcə törətdiyim əməli etiraf etməsəm də, sonradan maddi vəziyyətimin ağır olduğu üçün bu addımı atdığımı bildirdim”.

“Fuad mənimlə ailə qurmaq istədi”

Zərərçəkmiş Xəyalə Cəfərova bildirib ki, 2013-cü ildə internet vasitəsilə Fuad Gülalıyev adlı şəxslə tanış olub və aralarında münasibət yaranıb. Onun sözlərinə görə, hətta Fuad onunla ailə qurmaq istəyib: “Həmin ilin iyul ayının əvvəllərində Fuad ona pul lazım olduğunu bildirdi. Mən də ona borca 2000 manat verdim. Lakin uzun müddət keçməsinə baxmayaraq, Fuadın borcu qaytarmadığını və məndən gizləndiyini gördüm. Pulumu geri tələb etmişəm, habelə məsələ ilə bağlı Fuadın anası və bacısına da tez-tez zəng vurmuşam. Hər dəfə onlarla danışarkən əsəb keçirmişəm. Bundan sonra Fuadla münasibətlərimi tam kəsmişəm”.

Xəyalə Cəfərova qeyd edib ki, 2014-cü ilin əvvəllərində “odnoklassniki”də Xəqani Nəsirovla tanış olub: “Xəqani mənə subay olduğunu bildirdi və mənimlə evlənmək istədiyini söylədi”.

Xəyalə Cəfərova daha sonra ifadəsində Xəqani ilə Fuadın aldığı pul barədə danışıb və həmin pulun qaytarılmamasını vurğulayıb. Xəyalə daha sonra ifadəsində Xəqaninin Fuadda qalan pulu almasından və sonra ona qarşı dələduzluq edərək, pulu ona verməməsindən danışıb.

4 il cəza

Xəyalə Cəfərova qeyd edib ki, Xəqani Fuadın anasından pulu alsa da, sonradan həmin pulu ona verməyib. Xəyalənin sözlərinə görə, bundan sonra Xəqaninin telefon nömrəsinə zəng çatmayıb: “Uzun müddətdən sonra Xəqaninin atasının nömrəsini tapdım və ona zəng vurdum, hadisə barədə ona danışdım. Eyni zamanda aldadıldığımı başa düşərək polisə şikayət etdim. İbtidai istintaq dövründə Xəqaninin atası tərəfindən mənə dəymiş ziyan ödənilib. Ona qarşı şikayətim yoxdur”.

Hakim heyəti sonda prokurorluğun protestini təmin edib və Nəsimi rayon Məhkəməsinin hökmünü ləğv edib və Xəqani Nəsirovun barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən Xəqani Nəsirov Cinayət Məcəlləsinin 178.2.4-cü və 310-cu maddələri ilə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xəqani Nəsirovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər