Eks-prezident Əbülfəz Elçibəyin xeyirxahlığı ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu faktı sabiq prezidentin bu qəribəliyi haqqında uzun illər onun sürücüsü işləyən Xəlil Qəni danışıb.
Mərhum prezidentin sürücüsü bildirib ki, Əbülfəz Elçibəy 9 il müddətinə Bakıda gözdən əlil bir kişiyə təmannasız xidmət göstərib və bu faktı hamıdan gizlədib: “1991-ci ilin söhbətidir. Qış mövsümü idi. Axşam Əbülfəz Elçibəyi evə aparırdım. Yolda bir nəfər avtomobilə əl elədi. Əbülfəz Elçibəy maşını saxlatdı. Həmin adam onu öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun görmə probleminin olduğunu görüb “otur” dedi. Mən, doğrusu, Əbülfəz bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Elçibəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir... Deyilən ünvana gəldik. Elçibəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Əbülfəz Elçibəy dedi ki, Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir. Həmin adama müxtəlif cür yardım Elçibəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Elçibəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni aparırdım. Bir gün Əbülfəz Elçibəyin ehsan aşını da ona apardım. Xeyir işlə hüzür mərasiminin aşı fərqli olur,yeyəndə bilinir. Adam bir-iki qaşıq aş yeyəndən sonra dayandı və soruşdu: “Oğul, bu kimin aşıdır?”. Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə “oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim.
Nemət