Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Saday Şəkərovun vəkilləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov müdafiə çıxışı ediblər. Onlar Saday Şəkərova bəraət çıxarılmasını istəyiblər. Sonra Saday Şəkərov son söz deyib.
Hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər Saday Şəkərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsilə bağlı hökm elan ediblər.
Qeyd edək ki, Saday Şəkərlinin cinayət işi Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr olub.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hacı Zeynalov