Gəncə Apelyasiya Məhkəməsində həbsdə olan iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə yenidən məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Müqayis Verdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ittiham edilib.
Müqayis Verdiyev 2013-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Müqayis Verdiyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ötən il Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Müqayis Verdiyevin barəsində bəraət hökmü çıxarılıb. Bundan sonra Baş Prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib.
Ali Məhkəmədə işə baxan hakim kollegiyası prokurorluğun protestini təmin edib və Gəncə Apelyasiya Məhkəməsinin çıxardığı bəraət hökmünün ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Bundan sonra iş materialları yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında iş bu dəfə hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılmağa başlanıb.
Artıq apelyasiya instansiyasında ilkin dinləmələr də keçirilib.
Hacı Zeynalov