Bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
***
Bakının Xətai rayonu, 95 saylı orta məktəbdə baş verən yanğın hadisəsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Nazirlik sözçüsü bildirib ki, hadisə binanın birinci mərtəbəsindəki sinif otaqlarından birində baş verib. Nazirliyin yanğın mühafizə xidmətinin əməkdaşları hadisə yerində olub və şagirdlər təxliyyə olunaraq yanğının qarşısı alınıb. Hadisə nəticəsində heç bir partlayış hadisəsi olmayıb. Hadisə nəticəsində yanğın baş verən otaqda medel dəsti yanıb.