24 May 2016 15:53
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Rauf Sultanovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib.

Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Həmin hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Bundan əvvəl Rauf Sultanov Xəzər Rayon Məhkəməsində mühakimə olunub və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər qərar elan ediblər.

Qərara görə, Rauf Sultanovun barəsində olan hökm ləğv edilib və işin yenidən birinci instansiya məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə Rauf Sultanovun cinayət işinə Xəzər rayon Məhkəməsində, hakim Samir Mayılov araşdırıb. Məhkəmə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb.

Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Rauf Sultanov apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, bildirib ki, hazırda işinə baxan iki hakim – Sahibxan Mirzəyev və Camal Ramazanova etiraz edir: “Müstəntiqin imzamı saxtalaşdırması ilə bağlı məhkəmə qaydasında verdiyim şikayətə hakim Camal Ramazanov baxıb və o, şikayətimi təmin etməyib. Buna görə də Camal Ramazanov bu işdə maraqlı şəxsdir və mənim apelyasiya şikayətinə baxa bilməz. Həmçinin o vaxtı verdiyim şikayətimdə hakim tərkibində olan Sahibxan Mirzəyev də öz mövqeyini bildirib. Buna görə də ona etiraz edirəm. Həmin tərkibdə hakim Faiq Qasımov olsa da, münasibət bildirməyib. Buna görə də hazırkı şikayətimdə Faiq Qasımovun işimə baxmasına etiraz etmirəm”.

Hakim Faiq Qasımov bildirib ki, tərkibdə olan hakimlərə verilmiş etiraza təkbaşına baxa bilməz: “Buna görə də etirazı baxmaq üçün məhkəmənin sədrinə göndəririk. Məhkəmənin sədri etirazla bağlı qərar qəbul edəndən sonra işə baxılacaq”.

Hakim etirazla bağlı məhkəmə sədrinin qərarının qəbul edilməsi üçün prosesdə fasilə elan edib. Fasilədən sonra davam edən prosesdə Rauf Sultanovun hakimlərə verdiyi etirazın təmin edilmədiyi açıqlanıb. Proses mayın 27-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər