Bakı polisi soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxsləri zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Bakı şəhər sakini Bahar Vəlizadəyə məxsus içərisində 102 manat, açar və mobil telefon olan pul kisəsini açıq talama yolu ilə almış Cəbrayıl rayon sakini Yunis Mehdiyev və Ağdam rayon sakini Sahib Haqverdiyev tutulublar.
Onların daha bir paytaxt sakininə məxsus içərisində 140 manat pul, mobil telefon, sənəd və açarlar olan çantanı soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.
Bundan başqa, Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafiq İmanova məxsus “EL Metal” MMC-yə məxsus təmir sexindən 2000 manat dəyərində mis profillər oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Sürət Babayev, Röyal Məmmədov və Furman İsgəndərov tutulublar.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Bakı şəhər sakini Seymur Mikayılova məxsus evdən qızıl əşyalar oğurlamış paytaxt sakini Oruc Abbasov tutulub.
Hacı Zeynalov