Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Aygün Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il yanvarın 27-də Xətai rayonunda Bakı şəhər sakini, 32 yaşlı Aygün Ələkbərova yaşadığı evdə 1956-cı il təvəllüdlü Hökməli Fətəliyevi bıçaqlayıb.
Faktla bağlı Xətai rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən Aygün Ələkbərova saxlanılıb.
Hökməli Fətəliyev fevralın 11-də aldığı xəsarətdən xəstəxanada ölüb. Bu səbəbdən Aygün Ələkbərovun barəsində olan ittiham Cinayət Məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif olunub.
Qətlə yetirilən Hökməli Fətəliyev Aygün Ələkbərovanın həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyun 9-a təyin edilib.
Hacı Zeynalov