Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə vəsatət qaldıran vəkil Akif Əlizadə bildirib ki, müdafiə etdiyi Rəşad Məmmədovun himayəsində yetkinlik yaşına çatmayan 3 azyaşlı övladı var. Ona görə də onun barəsindəki həbs qətimkan tədbiri ləğv edilməli və ya dəyişdirilərək ev dustaqlığı seçilməlidir.
Vəkil İradə Cavadova da müdafiə etdiyi İsfəndiyar İsfəndiyarovun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.
Prosesdə çıxış edən dövlət itthamçısı isə bu vəsatətlərin təmin edilməməsini xahiş edib.
Hakimlər vəsatətləri təmin etməyib.
İş üzrə məhkəmə prosesi iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
Hacı Zeynalov