1 İyun 2016 12:44
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Lerikdə baş verən hadisə ilə bağlı birgə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 28-də gecə saat 04.00 radələrində bir neçə şəxs Lerik rayonunun Küsəkəran kənd sakini Rəfail İsiyevin evinə qanunsuz daxil olaraq ona bıçaqla xəsarət yetiriblər.

Rəfail İsiyevin ərizəsi əsasında Lerik Rayon Polis Şöbəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Küsəkəran kənd sakinləri Sulduz və Natiq Əliyevlər, Əlirza, Bəylər və Xanlar İsiyevlər Rəfail İsiyevin yaşadığı evə gəliblər.

Onlar münaqişə zəminində Rəafilə və atası Hüseyn İsiyevə bıçaqla, həmçinin ağac parçası ilə xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Əliyev və Əlirza İsiyev təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə Lerik rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Veri kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 37 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər.

Hadisəni törətməkdə təqsirli bilinən Natiq İsiyevin atası Seyidəli İsiyev bildirib ki, Rəfael İsiyevin qulaqları namus üstündə kəsilib: “Qızımın həyat yoldaşı Neftçala rayonunda çobanlıq edir. Ailəsi isə bizim kənddə qalır. Qızımın üç balaca körpəsi var. Rəfael və dostu Tahir içkili vəziyyətdə qızımın evinə yaxınlaşıb, təcavüz etmək istəyib. Amma onların niyyəti baş tutmayıb. Qızım qardaşlarına xəbər verib. Oğlanlarım bundan qəzəblənərək, Rəfaelin cəzasını veriblər. Bizdə namus məsələsi hər şeydən önəmlidir. Durduğu yerdə kimsənin qulağı kəsilmir. Deyirlər, hadisə guya otlaq sahədi üstündə olub. Belə deyil. Hamı bilsin ki, Rəfaelin namus üstündə qulaqları kəsilib. Qızımın həyat yoldaşının hələ hadisədən xəbəri yoxdur”.

Seyidəli İsiyev bildirib ki, hazırda hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır: “Hadisənin əsil səbəbkarları Rəfael və Tahirdir. Onlar camaatın evinə soxulmaq istəyiblər. Bütün kənd camaatı Rəfaelin atasına deyir ki, oğlunu kənddən rədd elə, o, bundan sonra bizim kənddə yaşaya bilməz. Rəfaeli kənddə hamı pis adam kimi tanıyır. O, kişiyə yaraşan hərəkət etməyib”.


Hacı Zeynalov


Müəllif: