Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.
Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Baş Prokurorluq narazı qalıb. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması barədə apelyasiya protesti verib. Həmçinin, zərərçəkmiş tərəfdə eyni tələblə çıxış edib.
Ömürlük cəza alan Vüsal Mustafayev isə apelyasiya şikayəti verərək, barəsində olan cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib.
15 il cəza alan Sevinc Şirəliyeva, 15 il cəza alan İqbal Cumayev və 14 il cəza alan Bürhan Şirəliyev günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Qətlin sifarişini icra edən və 14 il cəza alan Elçin Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər və müxtəlif müddətlərə cəza alan Ruslan Rəfiyev, Mikayıl Mustafayev, Rüfət Hüseynəliyev, Kamran Qafarov və Rüfət Nurəliyev barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.
Tərəflərin şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Tərəflərin şikayətləri hakim Rəfail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Şikayətləri araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Vüsal Mustafayev, İqbal Cumayev və Elçin Məmmədovun ittiham olunduqları narkotik ittihamının sübuta yetirilmədiyi qənatinə gəlinib. Bu səbəbdən onların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrdən istifadə etmə) maddəsi üzrə bəraət verilib. İqbal Cumayevin cəzası 14 il 9 aya endirilib.
Ömürlük cəza alan Vüsal Mustafayevin cəzası dəyişdirilməyib. Həmçinin ona əfv olunması üçün vəsatət qaldırmaq hüququ izah edilib.
Oruc Şirəliyevin hüquqi varisi Məmməd Şirəliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 15 ilə qədər artırılıb. Prokurorluğun Rüfət Nurəliyevə aid hissədə protesti təmin edilməyib.
Sevinc Şirəliyevaya da verilmiş narkotik ittihamı üzrə bəraət verilib. Qətl və qətli sifariş verməkdə ittiham üzrə Sevinc Şirəliyevə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Məhkəmə Bürhan Şirəliyevin apelyasiya şikayətinə də münasibət bildirib. Məhkəmə onun cəzasını dəyişməsə də, həbsxanada saxlanma rejimində dəyişiklik edib. Bürhan Şirəliyevin cəzasının 7 ilini həbsxana rejimində saxlanması ilə bağlı hissəsini dəyişib. Məhkəmə belə qərara gəlib ki, Bürhan Şirəliyev cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssəsində çəkməli olacaq.
Məhkəmə Baş Prokurorluğun protestinə də münasibət bildirib. Protestə əsasən Ruslan Rəfiyevin cəzası 8 il 6 aydan 11 ilədək artırılıb.
Hökm qalan hissədə qüvvədə saxlanılıb.
Hacı Zeynalov