7 İyun 2016 14:48
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Martin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Rufan Ağcabəyov və Martin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Yeri gəlmişkən qeyd edək ki, əslən Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, U.Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı iyunun 16-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər