24 İyun 2014 10:38
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ belə bir maraqlı Dünya Çempionatı izlədiyimi xatırlamıram. Sürpriz nəticələrə, gözlənilməz komandalardan təəccübləndirəcək uğurlara şahidlik elədiyimiz bu mundial, yəqin ki, futbolsevərlərin yaddaşından uzun müddət silinməyəcək.

Xüsusilə də Avropa ölkələrinin yığmalarının bir-birinin ardınca uğursuzluqlar yaşayaraq özlərini çətin duruma salmaları maraqlı mənzərə yaradır.

Artıq favoritlərdən İngiltərə və İspaniya ikinci mərhələdən etibarən şanslarını itiriblər. Favorit olmayan Bosniya və Hersoqovina yığması da ümidələrini bu dəfəki dünya çempionatından üzüb. Qrupdakı üçüncü-sonuncu oyunun nəticəsindən asılı olmayaraq bu üç komandanın növbəti mərhələyə adlaya bilməyəcəkləri dəqiqdir.

Nəzəri cəhətdən şansları olsa da, artıq Rusiya, Portuqaliya və Yunanıstanın da işi möcüzələrə qalıb. Hər üç komandanın taleyi sadəcə öz əllərində deyil. Onlar həm qrup mərhələsindəki son oyunlarda rəqiblərini məğlub eləməli, həm də digər oyundan gələcək sərfəli nəticəyə ümid eləməlidirlər.

Ən maraqlı və gərgin vəziyyət isə Xorvatiya, İtaliya və İsveçrədədir. Bu komandalar isə qrupun üçüncü oyununda qalib gələcəkləri təqdirdə növbəti mərhələyə adlayacaqlar. Qalibiyyətdən başqa digər hər hansı bir nəticə isə Braziliya ilə vidalaşmağa səbəb olacaq.

Nə qədər təəssüflü, eyni zamanda təəccüblü məqam olsa da qeyd eləmliyik ki, son oyunların nəticəsindən asılı olaraq birdən-birə 9 Avropa ölkəsinin milli komandası mundialı tərk edə bilər.

Bəs səbəb nədir? Nə baş verir? Statistikaya görə, bu zamana qədər Amerika qitəsində keçirilən heç bir dünya çempionatını Avropa ölkəsi qazanmayıb. Bu ənənənin davam edib-etməyəcəyini zaman göstərəcək.
Belçika, Hollandiya və Fransa son oyunların nəticəsində asılı olmayaraq qrupu lider kimi tamamlayacaqlar. Almaniya isə lider kimi olmasa da hər halda, növbəti mərhələ biletini artıq alıb.

Mütləq qeyd eləməliyik ki, bu çempionatda rəqiblərinə göz dağı verən sürpriz komandalar da var.
Müxtəlif zamanların üç dünya çempionu ilə eyni qrupda yer alan Kosta Rika millisini çox adam qrupun ən zəif bəndi hesab eləyirdi. Ancaq proqnozların əksinə olaraq mərkəzi amerikalılar əvvəlcə Uruqvayı, daha sonra isə İtaliyanı yenərək 6 xalla qrup lideridirlər. Qrupdan birinci pillənin sahibi kimi çıxmaq üçün isə onsuz da növbəti mərhələ hədəfi olmayan İngiltərə yığmasını məğlub eləmək lazımdır.
Kolumbiya da 100 faizlik nəticə göstərən komandalardan biridir. Yer aldığı qrupda elə də güclü komandalarla rəqib deyil, amma iki oyuna maksimum nəticə toplaması gözlənilməzdir.

Çili yığması da Avstraliya və İspaniyanı yendikdən sonra qrup liderini təyin eləmək üçün Hollandiya ilə həlledici oyuna çıxacaq. İspaniyanın və Hollandiyanın yer aldığı qrupdan lider kimi çıxmaq yetərincə sürpriz nəticədir.

Hər şeyin bəlli olacağı üçüncü turun oyunlarından sonra kimin kim olacağına aydınlıq gələcək. Ancaq hadisələrin belə gedişatından təxmin eləmək olar ki, gözlənilməz nəticələr play-off turlarında da yaşanacaq.


Müəllif: Zaur Xudiyev