25 İyun 2014 10:43
947

Dünyanın başı möhtəşəm mundiala qarışdığı bir vaxtda Avropadakılar da boş durmurlar.

UEFA rəsmiləri Avrokuboklarda iştirak edəcək komandaları yerbəyer eləmək üçün İsveçrənin Nyon şəhərinə toplaşdı.

Azərbaycan futbol ictimaiyyəti də bir neçə saatlıq da olsa diqqəti Braziliyadan Avropaya yönəltməli oldu. Çünki bu yerbəyer olunan komandaların arasında bizimkilər də var.

Püşkatmadan xeyli əvvəl hamılıqla zəif rəqiblərlə qarşılaşmağı arzulayırdıq. Ümumiyyətlə, bizdə çoxdankı xasiyyətdir, həmişə istəmişik, elə yerdən yıxılaq ki, heç bir yerimiz ağrımasın.

Ancaq insafən, gərək düzünü deyək ki, "kor püşk" çox vaxt bizə qarşı humanist mövqedə olub. Ən azından ilkin mərhələlərdə "dişimizə görə" rəqiblərlə qarşılaşmışıq. Həmin komandalarla oyunlarımız nə qədər uğurlu alınıb, ya alınmayıb, bu, artıq başqa problemimizdir.

Hər nəysə, mətləbdən çox da uzaqlaşmayaq. Saat üç olan kimi xəyalən hamımız getdik İsveçrəyə. İlk olaraq Çempionlar Liqası iştirakçılarının püşkü atıldı. Bizi təmsil eləyən "Qarabağ"ın yarışa ikinci təsnifat mərhələsindən qoşulacağı qabaqcadan bilinirdi. Nisbətən güclü komandalara arasında yer alan ağdamlıların özlərindən zəif rəqiblə düşəcəyini də təxmin eləmişdik.

Ancaq etiraf eləməliyik ki, ən nikbin "Qarabağ" azarkeşinin də "Valletta" ilə rəqib olmaq ağlına gəlməzdi. Və budur, ikinci mərhələni keçmək üçün Qurban Qurbanov və onun yetirmələri üçün əla şans yaranıb. Malta təmsilçisi ilə rəqib olan "Qarabağ"da turu keçməmək haqqında düşünmək belə günahdır. Osmanlı türkləri demişkən, "bundan iyisi, Şamda kayısı".

Püşkün bizim üçün belə nəticələndiyindən dolayı sevincimizin davam elədiyi bir vaxtda Avropa Liqasındakı təmsilçilərimizin də rəqibləri məlum oldu.

Necə deyərlər, sevincimizin də üstünə sevinc gəldi. Vitse-çempion "İnter" Moldovanın "Tiraspol", bürünc medalçı "Qəbələ" isə Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klbularına rəqib oldular.
İkinci mərhələdən yarışa qoşulacaq kubokun sahibi "Neftçi" isə ilk turda qarşılaşacaq "Koper" (Sloveniya) və "Çelik" (Çernoqoriya) cütünün qalibini sınağa çəkməli olacaq.

Kaxaber Tsxadadzenin yetirmələrinin bəxtdən şikayətlənməyə qəti haqları yoxdur. Qarşısına Avropada uğur hədəfi qoyan bir komanda əlinə düşən bu imkandan maksimum yararlanmalıdır. Çünki nə Moldova futbolunun ümumi səviyyəsi, nə də "Tiraspol"un durumu "bankirlər"lə müqayisədə üstün deyil. Əksinə, hansı tərəfdən baxsaq, biz onlardan bir-iki addım öndə görünürük. Qalır kağız üzərindəki bu üstünlüyü reallığa çevirmək.

İlk dəfə Avrokuboklarda boy göstərən "Qəbələ" isə bir azca həyəcanlana bilər. Avropada güclü nailiyyətləri olmasa da, "Şiroki Briyeq" daha təcrübəli rəqibdir. Ancaq keçilməz də deyil. Çünki "Qəbələ" həm infrastruktur baxımdan, həm də maddi vəziyyət etibarilə rəqibini açıq-aşkar qabaqlayır. Ağıllı və düzgün taktika ilə təcrübə fərqini də aradan qaldırmaq olar.

"Neftçi"nin isə həm ilk mərhələdən azad olaraq, həm də ikinci mərhələdəki potensial rəqiblərinə nəzər salarkən bəxtinin gətirdiyini söyləmək olar. Flaqman Azərbaycandan hələlik heç kimin bacara bilmədiyi Avroliqanın qrup mərhələsində oynamış komandadır. Baxmayaraq ki, keçən il Avrokubok mövsümü onlar üçün faciəvi bitdi, ancaq ümid edirik ki, "ağ-qaralar" bu dəfə səhvlərindən nəticə çıxarda biləcəklər.

Biz öz proqnozlarımızı yazdıq, qalanı qaldı klublarımızın öhdəsinə. Uğur arzulayaq!


Müəllif: Zaur Xudiyev