Aydın Mirzəzadə/Millət vəkili
Bu gün atamın, Böyükkişi Abbas oğlunun ad günüdür, yaşasaydı, 92 yaşı olacaqdı.
Qeyri-adi insan idi, müharibə və atasızlıq milyonlarla insan kimi onun da həyatını əzablı yollara salmışdı.
Elmə çox həvəsli idi, şəraitə düşsəydi, mütləq öz sahəsinin tanınmış nümayəndəsi olacaqdı.
Rəssamlıq qabiliyyəti var idi, yaxşı şəkillər çəkirdi, istənilən rəsm əsərini professionalcasına qiymət verirdi.
Şair idi, insani müasibətlər, torpaq, xalq, Vətən sevgisi şeirlərinin əsas məzmunu idi. Bir dəfə şeirlərini bir xalq şairinə göstərdim, oxuyandan sonra "heyif ədəbiyyatımız onu tanımadı" dedi.
Bəzən adi məişət məsələlərində çaşıb qalırdı, çünki təbiət onu yaradıcılıq və böyük işlər üçün yaratmışdı. Çox vətənpərvər idi, 1956-cı ildə işlədiyi su elektrik stansiyasının operativ jurnalını Azərbaycan dilində yazdığına görə bir neçə gün DTK onu çək-çevirə salmışdı.
Ailmizdə həmişə xalq,Vətən, tariximizin obyektivliyi əsas mövzu olurdu. Şeirlərini ötən əsrin 60-70-ci illərindən özünün yaratdığı latın qrafikalı əlifba ilə yazırdı. "Azərbaycan dilinin xüsusiyyətlərinə kiril əlifbası yaramır" deyirdi.
Heydər Əliyev şəxsiyyətinin vurğunu idi, evdə daima onun fəaliyyətini analiz edirdi, "o tarix yaradır" deyirdi. Dağlıq Qarabağ məsələsi başlayanda onun yoxluğunu xüsusi vurğulayırdı. 1990-cı ildə Mingəçevir icraiyyə komitəsinin sədri Vəli Hüseynovun (Allah ona rəhmət eləsin) yanına gedib şəhərdəki Sosialist Bolqarıstanı küçəsinin adının dəyişdirilməsini tələb etmişdi. Yeni ad kimi Təbriz adını təklif etmişdi. Yəqin ki, respublikada Təbriz küçəsi ilk dəfə Mingəçevirdə Vəli müəllimlə atamın sayəsində meydana gəlmişdi.
Çox qanunpərəst və gözütox bir insan idi. 1963-cü ildə onu şəhər ticarət idarəsinin müdiri təyin etmək istəyirlərmiş. Düz 10 gün şəhərdən çıxıb gedir ki, onu tapıb əmrini verməsinlər.
Möhkəm adam idi, hətta nənəm rəhmətə gedəndə belə ağlamadı. Ancaq onu cəmi bir dəfə ağlayan gördüm- 20 yanvar faciəsi haqqında xəbər gələndə. Dağ bildiyim bir insan həmin an hönkürtüsünü saxlaya bilməmişdi.
Atasını tez itirmişdi, normal təhsil ala bilmədi, ancaq onun özü bir Universitet idi, Azərbaycan cəmiyyətinin hər ailədə yaratdığı və istiqamtləndirdiyi universitetlərdən biri.
... Çox maraqlıdır, ata-anam yuxuma birlikdə gəlirlər.
Ad günün mübarək, Ata.