28 İyun 2014 20:51
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deyirlər, şirindir busənin dadı,

O da kor bəxtimə qismət olmadı."

Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacarın dilindən verilən bu sətirləri azərbaycanlı futbol azarkeşlərinin hər zamankı halının göstərgəsi kimi də vermək olar. Azca dəyişikliklə belə eləmək olar:

"Deyirlər, şirindir zəfərin dadı,
O da ki bizlərə qismət olmadı".

Bizlər azərbaycanlı olaraq futbolu ağlımız kəsəndən doğru-dürüst bir nailiyyətin, uğurun sevincini yaşaya bilməmişik. Elə ata-babalarımız da bu sarıdan bir "gün görməyiblər". Dədəmin hələ də ballandıra-ballandıra danışdığı o vaxt "Neftçi"nin SSRİ birinciliyində bürünc mükafatlara yiyələnməsidir ki, onun da haqqında hələ də şübhə ilə danışırlar.

Belə olan halda isə yaşlı adamların "Azərbaycanda futbol olmayıb, olmayacaq" deyimi ilə sakitcə razılaşmalı oluruq. Bəli, təəssüf ki, bu, acı reallıqdır. Bizdə futbol yoxdur. Biz sadəcə futbol adlı möhtəşəm oyunu imitasiya eləməklə məşğuluq.

Elə hamımız, jurnalistindən tutmuş futbolçusuna qədər, baş məşqçisindən tutmuş klub rəhbərlərinə qədər. Gerçək futbol isə bu deyil, hər nədisə bizdəki deyil. Ara-sıra üzümüzü güldürən xırda, epizodik sevinclər, bir də özümüzün uydurduğumuz, əslində isə heç bir işə yaramayan qəhrəmanlıqlar olub.

Dünya çempionatını izlədikcə necə deyərlər, lap cızdağım çıxır. Bəli-bəli, düz fikirləşmisiniz, paxıllıqdan, qısqanclıqdan. Axı, nəyə görə paxıllıq eləməyim?

O gün (müsəlmanın o günü) müstəqil olan Bosniya və Hersoqovina yığması seçmə mərhələdə əla oyun göstərir, ikinci yer tutur, pley-offda da qalib gəlir, gedir mundialın final mərhələsində oynayır. Biz isə eyni turnirdə ölüm-zülüm qazandığımız 7 xalı və qrup sonuncusu olmamağımızı əlimizdə bayraq edib, sevincimizdən az qalırıq mayallaq aşaq. Hələ bir-iki il də bunu deyib duracağıq.

Biz öz meydançamızda, nəticəsi heç nəyi həll eləməyəcək oyunda Rusiya ilə bərabərliyi az qala milli bayram kimi qeyd eləyib sevinirik. Ancaq nə ölkənin iqtisadi inkişafına görə, nə də futbol təsərrüfatında "fırlanan" pullara görə bizdən heç də irəlidə olmayan Əlcəzair elə həmin Rusiya ilə nəticəsi qrupun taleyini dəyişəcək oyunda bərabərə qalmağı bacararaq 1/8 finala adlayır.

Biz milyonlarla dollarlar xərcləyərək adımızı hansısa komandanın formasına yazdırıb özümüzü reklam edirik. Ancaq illərdir bütün ölkə olaraq iqtisadi böhrandan əziyyət çəkən, hətta bəzən lağ-lağı olaraq acından ölürlər dediyimiz Yunanıstan yığması oyunçularının ayaqları və başlarının hesabına adlarını dünyanın 16 ən güclü komandası arasına yazdırır. Bundan da böyük reklam?

Biz seçmə mərhələ boyunca qrupda keçirdiyimiz görüşlərdə hətta Lüksemburq kimi cırtdan ölkəni belə yenməkdə çətinlik çəkirik. Tək dərdimiz qol buraxmamaq, birtəhər oyunu başa vurmaq olur. Biabırçı bərabərliklərdən sonra da oyunçulara fantastik mükafatlar veririk. Ancaq Kosta Rika Şimali və Mərkəzi Amerika zonasında dünya çempionatının seçmə mərhələlərində Meksika, ABŞ kimi ölkələrlə mübarizədə ikinci yer tutur, mundiala birbaşa vəsiqə qazanır. Hələ üstəlik ölüm qrupu adlandırılan İngiltərə, İtaliya və Uruqvayla mübarizə apardığı qrupu lider olaraq başa vurub ən yaxşı 16 komandadan biri olur.
Biz və onlar... Bu siyahını sabaha kimi də uzatmaq olar. Ancaq bəs eləyər, məncə. Qanınızı çox da qaraltmayın, əsl futboldan zövq alın.


Müəllif: Zaur Xudiyev