26 Sentyabr 2016 17:39
3 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ucqar bir kəndində yaşamaq mənim çoxdankı arzumdur. Ancaq hər dəfə bu barədə düşünəndə qarşımda dağ boyda bir sual dayanır: kənddə necə dolanacağam, nə yeyib-içəcəyəm? Sonra fikirləşirəm ki, toyuq-cücə saxlamaq olar, mal-qoyun otarmaq olar, kartof-soğan əkə bilərsən...

Pis fikir deyil. Əsas odur ki, kənddə məni narahat edən, ürəyimi sıxan heç bir ictimai-siyasi məsələ yoxdur. Kaş heç işıq da olmasın; nə televizora baxa bilim, nə də internetə girim.

Hər şeydən xəbərsiz, adi məişət qayğıları ilə yaşayan kənd adamı olmaq istəyirəm. Yorulmuşam. İstəyirəm qəşəng bağım olsun, orda özümə bir daxma, toyuqlarıma hin düzəldim. Balaca bir itim də olsun, heç kimə hürməsin, qapıma gələn oğrulara yol göstərsin, canavara quzularımın yerini, tülküyə cücələrimin yuvasını nişan versin. O kəndin itini də, canavarını da, çaqqalını da saxlayaram, təki rahat olum. Təki cəmiyyətdə baş verən hadisələri eşitməyim, görməyim. Çünki əsəblərim pozulur, çünki cəmiyyətlə səhhətim arasında sərhəd çəkə bilmirəm, birbaşa daxili orqanlarıma təsir edir, özümü ələ almaqda çətinlik çəkirəm. Bacarmıram.

Dostlarım məsləhət görür ki, imtahan verim, kənddə müəllim işləyim. Yox, qəti şəkildə istəmirəm. Çünki dərs deyəcəyim məktəbin də balaca bir Azərbaycan olduğunu bilirəm. Bakıda əsən küləklər bilirəm ki, o məktəbdən yan keçməyəcək. Yenə əsəblərim pozulacaq. Direktorla sözümüz düz gəlməyəcək, davamız düşəcək, bilirəm. Direktor bütün dərsləri mənim belimə yükləyəcək, hamilə arvadların hamısının dərsini mən deyəcəyəm. Axırda direktorun məndən zəhləsi gedəcək, kəndin bütün çaqqallarını, itlərini, canavarlarını üstümə qaldıracaq. Kənddə mənə şər atdıracaq. Direktora görə ağacların hamısı mənimlə düşmən olacaq, yağış həyətimə yağmayacaq, günəş həyətimə düşməyəcək, ay bizim evin pəncərəsində görünməyəcək.

Müəllim də işləmək istəmirəm. Onsuz da kənd yerində adama pul az lazım olur, toyuq-cücə, mal-qoyun, əkdiyim kartof-soğan mənə bəsdir. Qoyunlarıma da tapşıracağam ki, özlərini yaxşı aparsınlar, inəklərimə deyəcəyəm ki, ağıllı olsunlar.

Kəndin havası da təmizdir. Uşaqlarım sağlam böyüyər. Dəfələrlə evdə arvadla plan qurmuşuq, o da deyir əla fikirdir. Hətta bir dəfə gəlib gördüm ki, arvad bir otaqlı evimizdə yekə kənd salıb. Kitabları üst-üstə yığıb bir daxma düzəldəndən sonra yanında inəklərimiz üçün pəyə də tikib. Dörd metr eni, üç metr uzunu olan bir otaqlı evi böyük bir kənd kimi təsəvvür edib. Guya oğlum da uzanıb həyətimizdə özünü əməlli-başlı günə verir, xoşallanır.

Oğlum da ayrı bir aləmdir. Anası hər gün əzizləyir: balam böyüyüb ingiliscə danışacaq, dərslərini ingiliscə oxuyacaq, balam xaricdə təhsil alacaq, balam İspaniyada yaşayacaq, balam Amerikada işləyəcək, balam azarlayan kimi təyyarəyə oturub Almaniyaya gedəcək. Gülürəm.

Anasına deyəcəyəm ki, kənddə oğlumuzu bu cür əzizləsin: balam böyüyüb çoban olacaq, balam böyüyüb it dilini biləcək, canavarla, çaqqala danışacaq, balam böyüyüb kitab-zad oxumayacaq, balam böyüyüb məktəb-zad hərləməyəcək, balam böyüyüb xəstəxananın yerini tanımayacaq, balam yer belləyəcək, balam böyüyüb kartof-soğan əkəcək, balam böyüyüb torpaq olacaq...


Müəllif: Kəramət Böyükçöl