5 Oktyabr 2016 16:39
2 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir otaq var idi, illərlə getməsək də, görməsək də o otaq bizim idi. 209-cu otaq. Tanışlara tanış, doğmalara doğma otaq.

Magistraturanın son kursunda universitetimiz təmirə bağlandığı üçün dərslərimizi məktəbdə keçirdik. Bir gün getdim universitetə - 209-cu otaqla görüşmək istəyirdim. Tələbə yoldaşlarım, bütün cəbhələrdə məğlubiyyətə uğrayan, özünə, yaddaşına belə uduzan müəllimim, orda qoyub çıxdığım özüm üçün darıxmışdım. Bütün olmazlarıma “Salam dar ağacı, əleyküm salam” deyəsim var idi.

Getdim, qapıda fəhlələr saxladı, dedilər bura giriş qadağandı, təmir gedir. Xahiş etdim, yalvardım ki, bəs mənə lazım olan otaqda təmir getmir, 5 dəqiqə baxım, çıxacam. Ha billah etdim, xeyri olmadı, fəhlə adamlardı də, dərd anlatmaq çətindi. İndi necə başa salasan ki, mən o boyda yolu vurub gəlmişəm, bu boyda haqq-hesab çürüdürəm ki, girib boş- xaraba bir otaqda xatirələrimi soraqlayım, üstündən də deyim salam, dar ağacı. Vallah, adama elə gülərlər, qulaqların da utandığından səni atıb gedər.

Lap heç gülməsələr belə, necə izah edəsən ki, mən Maştağadakı o məlum xəstəxanada yatan, heç nəyi xatırlamayan müəllimimi axtarmağa gəlmişəm bura?! Hələ könlümdən keçir ki, ondan tələbə yoldaşlarımı da soruşam. Bəlkə o bilər haralarda olmadıqlarını. Onsuz da “sənin başın xarabdı” deməyə adam axtarırlar. Tapmışıq deyib başıma yığılsalar necə? Deməzlərmi, madam ki, Maştağadadı, get orda axtar də. Necə anladasan ki, Maştağadakı o dünyadan bixəbər vücud mənim müəllimim deyil, mən müəllimimi bu otaqda itirmişəm. Onu ancaq burda tapa bilərəm. O, Tarkovskini hamıdan yaxşı bilirdi, Mehdi Məmmədovu hamıdan yaxşı tanıyırdı. Burax gedib tapım, soruşacaqlarım var, unutmaq istədiklərim, unutmağın yolunu soruşasım var.

Fikirləşdim ki, danışa bilmirəm, heç olmasa susum. Geriyə addımladım. Arxadan səs gəldi: fəhlələrdən biri arxamca səsləndi: yaxşı xanım, madam ki, belə maraqlıdı sənə, gir bax otağa. Elə sevindim, elə sevindim, karıxdığımdan istədim fəhləyə deyəm ki, əmr vermişəm, zəhməthaqqının üstündə mükafatın da olacaq bu gün. Yaxşı ki, karıxmağa gecikdim.

Divar həmin dörd divar idi. 209-cu otaqdan xəbəri yox idi amma. Fəhləni çağırdım, dedim bu otaq bizim otaq deyil. And-aman elədi ki, sən deyən 209-cu otaqdı. Necə and içdisə, andından keçə bilmədim, dedim qoy inanım də, bir dəfə də artıq aldanmaq aldanışlarımı kiçiltməz onsuz.

Necə sökmüşdülər otağımızı, necə ürəklə sökmüşdülər. Sanki kimin nə hirsi, qəzəbi varsa bu otağın divarlarına lom atmaqla qurtulmuşdu əsəblərindən. Otaq qorxusundan kirimişdi. Divardakı sətirlər belə oxunmaz halda idi. Heç kəsi oxuya bilmirdim daha. Amma bilirdim ki, biz bu divarları ürəyimizcə yaza bildiyimizə görə sevmişdik bu otağı. Dəftərimiz evdə qalanda divarlarını yazdığımız otaq, bir-birimizə sətir ötürdüyümüz, divarları boyu sayıqladığımız, könlümüzcə səylədiyimiz otaq yox idi daha, əvəzində böyük bir boşluq bardaş qurmuşdu. Özü də mənim yerimdə...

Həmişə var olduğum otaqda indi yoxluğuma tamaşa edirdim. Necə gözəl yox olmuşdum, ilahi! Kim belə yox ola bilər deyə fərəhlənmək istəyirdim, müəllimim yadıma düşdü. Açığı, o məndən daha pərgar imiş bu “filfilo” məsələsində. Heç tələbə yoldaşlarım da pis deyilmiş. Müəllimimiz bizə, həyatına sahib çıxa bilməsə də, mən o otaqdakı yerimə sahib çıxmışdım həmişə. Düz son kursun son gününə qədər o ilk partada əyləşdim. Elə bildim başqa partada əyləşsəm, oturduğum yerdəcə aşıb yıxılacam döşəməyə, hamı güləcək mənə. Elə ona görə də başqa yerdə oturmurdum. Arada elə bilirdim, o yerin mənə necə yaraşdığını universitetin mühafizəsindən yeməkxanasındakı xadimələrinə qədər, bayırda xırda-xuruş satan dayının 1.50-lik boyuna qədər hamı bilir. Elə bilirdim kimsə o partada əyləşsə, o yer əyninə dar gələcək, bir o tərəfə vurnuxacaq, bir bu tərəfə.

Bir gün həmin yerdə əyləşmişdim. Müəllimim pul verdi və dedi 4-cü kurs üçün diplom işi yaz. Mövzu “Tələbələrin həyat və yaşamı”. “Yaza bilmirəm” deyə bilmədim, susdum. Düz bir ay dayanmadan yazdım-pozdum, pozdum yazdım. Evdə yazılmamış vərəq, dəftər, divar qalmadı. Məhəlləmizin divarlarını da yazıq-yuzuq etmişdim əsəbimdən. Müəllimim deyirdi ki, divar ədəbiyyatı da bir ayrı olur. Amma olmadı. Axırda qərara gəldim ki, uzağa getməyim, yaza bilmirəmsə, eyb etməz, 209-cu otağı və bizi yazıb doldurum vərəqə – şair demiş, nə ola, ola...

Heç ağlımın ucundan da keçirmirdim ki, yazdığım ssenari ola bilər. Mən, sadəcə, bacardığımı etmişdim.

Əlim əsə-əsə gətirib verdim, dedim, müəllim, əlac yoxdu, daha keçib, yaza bilmirdim, oturub özümüzü yazmışam, uzağa getmədim, otağımızı yazdım. Nə necədi, necə olub, elə də yazmışam – olduğu kimi. Oxuyandan sonra tanış qəhqəsi eşidildi: “Bu, nədi? Bu otaqda asılqan var? Zibilqabı var burda? Bəs deyirdin hər şeyi olduğu kimi yazmısan? Güldüm, bu, o demək idi ki, ssenaridə qüsur tapmayıb, zibilqabına, asılqana ilişir – adəti idi nəyəsə ilişmək.

Masadan qalxanda məni təbrik etdi, elə bildim yaxşı yazmışam, sonradan anladım ki... “Borc olsun, bura bir asılqan və zibilqabı alaram maaşımdan. Sən olanı yox, xəyalındakını yazmısan, xəyallarından muğayat ol dedi...

Sən demə, xəyallarıma görə təbrik edirmiş məni. Dediyinə görə, heç kəs mənim kimi ürəkdən xəyal qura bilməzmiş, əlimdən başqa heç nə gəlmirmiş.

Gəl xəyallarını çap edək, tanış qəzetə verək, it-bata düşməsin deyib gülümsündü.

...Biz xəyal qurmağı da, yalan danışmağı da ondan öyrənmişdik. Yaman yalançı idi müəllimimiz. Başqa kursunu elə tərifləyərdi, deyərdin bəs istedaddır onlar –talantdılar. Bir-iki dəfə tanıyandan sonra görürdük ki, hamısı “qonşu uşaqları” imişlər, sən demə.

Bizi ən çox dünyanın varlığında aldatdı müəllimimiz. Deyirdi dünya var, sən demə yox imiş. Bircə günə unutmaqmı olar dünyanı? Müəllimim unutdu. O dünyanı unutdu ki, orda biz var idik.

Tələbələri onu ziyarətə gedəndə, müəllimizlə xırda bir dialoqu videoya çəkmişdilər. Rahil elə bil yenə öz “Şəbəkə”sindədi, veriliş aparır. Sual verir:

-Müəllim, tələbələriniz inanırlar, deyirlər, siz qayıdacaqsız.

-Aaa, əlbəttə, qayıdacam, bəs necə?

Az qalır qalxıb uşaqlara təpik, şillə ata ki, bu nə sualdı, niyə qayıtmamalıyam ki? Qayıdaram, hələ, üstəlik, sizi bütün imtahanlardan da kəsərəm.

Demişdim axı, yalançı idi müəllimimiz. Adam utanmaya, deyə müəllim, siz hansı dünyaya qayıdacaqsınız? Üstündən də təsəlli verə bir balaca, deyə sizi qəbul edəcək təmiz dünyalardan ümidimizi üzməmişik hələ. İnsan ayağı, insan çirkabı dəyməyən nə qədər təmiz dünya var, nə olsun ki, bizim xəbərimiz yoxdu. Elə o dünyaların xoşbəxtliyi ondadı ki, bizim onlardan xəbərimiz yoxdu.

63 ili, bütün sevdiklərini, sevmədiklərini, tələbələrini, çəkdiyi filmləri, oynadığı rolları unudan müəllimiz yalan deməyi unutmayıb hələ də. Yalana bax sən: “Əlbəttə qayıdacam”. Ay hayy, qayıtdın ha!

Ən böyük arzumuz idi ki, müəllimimiz dərsə içib gəlməsin. Bir dəfə – cəmi bircə dəfə müəllimimiz dərsə içib gəlməmişdi, onda da bizi döyməkdən betər etmişdi. Axırda da dedi hamınıza sıfır yazmışam, imtahanda görüşərik. Səhəri dedim, müəllim, Allaha bax, Tanrıya bax, dekana bax, olmasa rektora bax, ixtisas fənnidi, ilişdirmə bizi. O qədər xırdalayıb çürütdümsə söhbəti, dedi, sən Allah, get jurnalı tap, nə bilirsən elə, əl çək məndən. O boyda çək-çevirdən sonra sevincək jurnalı gətirib açanda gördüm adlarımızın qarşısı boşdu. Heç nə yazmayıb bizə...

Mənim müəllimim yalançı idi. O qədər dedilər ki, yalançının yaddaşı olmaz, müəllimim xatırlamağı unutdu – insan olmağı unutdu. Təəssüf ki, unutmaq bizim payımıza düşməyib. Unutmamışıq sizi, müəllim, yenə sizin payız, yenə sizin gündü, mübarəksiniz!


Müəllif: Təranə Əlizadə