Hara getsən qızlar hadisədir.
Bu səhər metroda başıma bir qız gəldi.
Sarışın bir gözəlin əlində “Səkkizinci gün” romanımı gördüm.
Qız gözəl olmağına gözəl idi, amma mənə elə gəldi ki, əlindəki kitab onu daha da gözəlləşdirirdi.
Stansiyanın içərisində sarışın hansı tərəfə gedirdisə istər-istəməz mən də o tərəfə burulurdum.
Düzü, öz kitabımı kiminsə əlində gördüyüm birinci dəfə deyil, əvvəl də belə hadisələr olub.
Hər dəfəsində qəribə hisslər keçirmişəm.
Sevinirdim, amma çox miskin bir vəziyyət olduğunun da fərqinə varırdım.
Nə üçün miskin dedim?
Təsəvvür edin, dünyada minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla kitabı satılan yazıçılar var.
Biz görün nəyin sevincini yaşayırıq.
Kimsə qatarda qıza yer verdi.
Dərhal başının üstündə kəsdirib özüm öz romanımı oxumağa başladım.
Redaktə səhvlərim gözümə dəydikcə dərindən nəfəs alır, ürəyimin üstünü qaşıyırdım.
Oxunmaq doğrudan da gözəl hissdir.
Səhər yuxudan qalxıb tələm-tələsik işə gedəndə görürsən ki, kimsə avtobusda, metroda sənin kitabı oxuyur.
Əladır, elə deyilmi?
Yazıçının gücünün üstünə əlavə güc gəlir – söhbət istedadlı adamlardan gedir – bu həvəs başqa əsərlərin yaranmasında nə qədər rol oynayır.
Kitabların satılır.
Çoxlu pul qazanırsan.
Həyat gözəl olur.
Nikbin bir ruhda olursan.
Adamlar səni romanlarınla, hekayələrinlə tanıyır.
Maddi problemlərin olmur.
İçəndə də yaxşı içkilər içirsən.
Daha ucuz Bakı araqlarını sümürüb depressiyaya düşmürsən.
Azərbaycan yazıçısı bu gözəl hisslərin hamısından məhrumdur.
Bizi tanıyan ən yaxşı halda aldığımız müsahibələrə görə tanıyır.
Yaxud qalmaqallı bir köşə yazımıza görə kiminsə yadına qalmışıq, ya qalmamışıq.
Qələm adamlarının hamısının çörəyi jurnalistikadan çıxır, ədəbiyyat heç kimi dolandırmır.
Biz hələ cavanıq, birtəhər yola vermək olur.
Amma fikir verin, 40 yaşlı istedadlı bir nasirin jurnalist kimi fəaliyyət göstərməsi, əlində diktofon müsahibələr alması, sorğular eləməsi, məcburiyyət qarşısında köşə yazıb dolanması əsl faciədir, elə deyilmi?
Hansı bir saytdasa redaktor işləmək elə bilirsiniz asandır?
Gözün nuru gedir, enerjin tükədir...
Söhbət tək məndən getmir...
Bilmirəm, deyə bildimmi?