Payızda ən çox sevdiyim şey xəzəldir. Saralıb yerə tökülmüş yarpaqlar. Bilmirəm, bu narıncı rəngi sevdiyimə görədir, yoxsa nədəndir... Narıncı, qırmızı, sarı rənglərin rəqsinə bənzəyir xəzəl. Bu yarpaqların qəribə, xoş bir qoxusu da olur. Bir dəartıq ömrünü başa vurmuş qurumuş nazik yarpaqların üzərinə iynə ucu boyda xırda dəliklərdən yaranmış naxışlar düşür. Təbiət məhv etdiyi bu varlıqları gözəlliklə yola salır...
Yenə sevdiyim parkdayam. Bozarmış skamyada oturub ağacların dibinə tökülmüş xəzələ baxıram. Beynimdə o qədər fikir var ki...Öncə hansını düşünəcəyimi bilmirəm. Bəzən belə olur beyin dayanmadan danışır, indi gəl susdur görüm necə susdurursan...Yəqin beynimizi susdura bilsək, çox rahat olarıq.
Nəhayət, fikirlərimi bir azca səliqəyə sala bilirəm, payız gözəli xəzəl bütün fikirlərdən önə keçir. Kiminsə zibil hesab etdiyi, bir neçə gündən, bəlkə də bir neçə saatdan sonra süpürülüb atılacaq bu əlvan yarpaqlar mənə o biri fəsillərdə yaşaya bilməyəcəyim zərif duyğular bəxş edir. İndi o duyğuları yazmaq istəyirəm, amma duyğular yenə qarışır... Beynimdən xahis edirəm ki, bir az sussun, xəzəldən və sakitlikdən zövq alımağa icazə versin.
Fikirlərimi toplayıb payız haqda düşünmək, gözlərim önündə onu canlandırmaq istəyirəm.Elə bilməyin, payızı sevmirəm. Payız sakit, dağınıq qızılı saçları olan kədərli qadına bənzəyir. Solğun siması və qüssəli gözləri onu daha da cazibədar edir. Bu qadını artıq xəyalımda yaratdım, hətta onun şəklini də cızma-qara edə bilərəm. Nə qədər çalışıram, səsini təsəvvür etməkdə aciz alıram. Payız susur... İri və kədərli gözləri ilə qəlbimin içinə boylanır.
Payız fəsillərin içində ən amansızıdır. Əgər tənhasansa, onda bir az da amansızlaşır. Payız tənhaları, tənhalarsa payızı sevməz. O, yalqız olduğunu sənə hər addımbaşı xatırladır – çiskinli gündüzlərdə, boz axşamlarda, soyuq gecələrdə...
Yuxusu qaçmış gecələrin birində başlayan yağış sanki keyləşmiş beyninə, oradan da süzülüb bomboş qəlbinə axır. Əgər ürəyində kiçik bir sızıltı varsa, payız onu göynədir, köhnə yaraların üstünü açır. O, belə zalım olur bəzən, unutmaq istədiyin xatirələri – sözləri, baxışları yada salır. Başqalarının bədəni üşüyəndə, tənha insanların qəlbi üşüyür. Qəlbi nə geyimlə, nə isti çayla isitmək olur.
Payız bəzən qulağına astaca pıçıldayır: Niyə səni sevən yoxdur, bəs onda bu dünyaya niyə gəlmisən, niyə yaşayırsan?
Həm də o bu sözləri çətirin altında yağış üzünə vura-vura küçədə getdiyin yerdə deyir sənə... Suallara cavab tapa bilmirsən. Başa düşürsən ki, payızın əlindən qaçıb gizlənə bilməyəcəksən. Hara getsən bu amansız sualları yağışla bərabər yağdıracaq üstünə.
Payız qəlb fəslidir, hisslərin dostudur. Amma qəlbində bayram yox, sakit, hüznlü bir durğunluq hiss edirsən həmişə. Susmaq bilməyən, iniltiyə bənzər bu şərqi canımızı incitsə də, onu əldən buraxmaq istəmirik. Bu kədər bir az ümid vəd edir, bəzən də sadəcə səadətə bənzər yüngül, sentimental duyğular yaşadır. Beynin yox desə də, ürəyinin içinə çökmüş payız baxışları ilə səni ovsunlayır. Bir də görürsən ki, özün də bilmədən onun ardınca gedirsən və bu kədər səni daim müşayiət edir. Ta payız qızılı saçlarını yığışdırıb gedənə qədər...
Payızla dost olmaq istəyirəm, ruhumu incitməsin deyə. Onaqısa bir məktub yazmaq istəyirəm: "Səni sevirəm, payız. Mənə yazığın gəlsin, soruşma o, hardadır, niyə getdi, bunu mən də bilmirəm. Soruşma ki, niyə xoşbəxt ola bilmirəm. Düşünməkdən quruyan beynimi rahat burax, məni qınama, payız. Hislərimlə oynama, onsuz da bunu insanlar kimi edə bilməyəcəksən. Acizliyimi, gücsüzlüyümü üzümə vurma... Bu qədər nəhəng insan axını içində bir məni buraxsan, nə olacaq ki? İndi də başqalarının qəlbinə köç. Bu şəhərdə mənim kimi yalqızlar çoxdur..."
Gözlərimi xəzəldən çəkə bilmirəm hələ də. Parka iki yaşlı qadın gəlir, indi onlar xəzəli süpürüb zibil qutularına atacaqlar. Bu mənzərəni görməmək üçün parkdan çıxıram. Hava çiskinlidir, narıncı çətirimi açıram və dünya narıncı rəngə boyanır.
Deyəsən, payızı çox qınadım, kədərli gözləri ilə o da küskün-küskün mənə baxır. Beynimdə məktubun davamını yazıb, onun könlünü almağa çalışıram: "Məndən küsmə, payız. Sənin günahın yoxdur, biz özümüz bəzən səhv edirik, bir-birimizi incidirik, zalım və insafsız oluruq. Sonra hər şeyi kiminsə üstünə atmağa çalışırıq. İndi də hədəfimə sən tuş gəldin.
Sən gözəlsən, payız. Yağışını, xəzəlini,çiskinini sevirəm.Çətir açmağa, şərf bağlamağa səninlə başlayıram və bu, xoşuma gəlir. İndi nəm küçələrdə adladıqca xoş qoxunu hiss edirəm, bu qoxu yalnız ciyərlərimi deyil, qəlbimə də təmizlik və saflıq doldurur".
Yanımdan indicə keçən gənc qızla oğlan güman ki, payızı daha çox sevir, çünki yalqız deyillər. Onlar burulub yaxınlıqdakı kafeyə girirlər, yəqin ora istidir. Mən isə iti addımlarla yoluma davam edirəm, bir az da üşüyürəm...