25 Oktyabr 2016 16:15
1 472

İllər öncə küçəmizdə bir ağac əkmişdik. Qurumuş bir söyüd çubuğunu da yanına basdırdıq, kəndirlə möhkəm-möhkəm sarıdıq ki, külək o ağacı yerindən çıxarmasın, götürüb aparmasın. Uşaqlar hər gün o ağacın dibinə su tökdülər. Qocalı-cavanlı hamımız o ağaca öz körpə balamız kimi baxır, qayğı göstərirdik. Hərdən uşaqlar ağacın üzündən öpürdü. Gecələr o ağaca qoruq çəkirdik.

Bir gün fikir verdim ki, əkdiyimiz ağac quruyub, sən demə, biz qurumuş çubuğa qulluq edirmişik. Dibinə o qədər su tökdük, axırda o çubuq kök atdı, böyüyüb ayağa qalxdı, nə boyda bir söyüd ağacı oldu. Fikir vermədik, baş qoşmadıq. Dedik ağacdır, heç nə olmaz. O ağacının kölgəsində uşaqlar oynadı, quşlar o ağacın başında yuva saldı. Nə qədər quş o yuvada bala çıxardı, yayıldı ölkənin hər yanına, o quşlar rayonlara, kəndlərə uçub getdi. Oradakı quşlarla tanış oldu, dost oldu, sevgili oldu...

Söyüdün budaqları küçəmizdəki evlərin üstünə qara kölgə kimi düşdü. Məhəllənin arvadları onun kölgəsində yun yudular, döşək çırpdılar, oturub saatlarla söhbət etdilər. Aylı gecələrdə sevgililər ən çox o ağacın dibində görüşür, şirin-şirin söhbət edir, öpüşürdülər, sonra evlənir, uşaqları olurdu.

Qonşuda bir şair vardı, hər axşam qələmini götürüb o ağacın altında yazılar yazır, o yazılardan kitablar çıxartdır, balalarını saxlayırdı. Axırda o kişi ölkənin tanınmış şairi oldu. Ağaca yazdığı şeirlər mükafatlara layiq görüldü, xarici dillərə tərcümə oldu.

Biz əkmədiyimiz o ağacın kölgəsində böyüdük, uzun illər əkmədiyimiz o ağaca qulluq elədik. Milli Məclisə seçkilər vaxtı deputatlığa namizədlər məhəlləmizə gəlib o ağacın kölgəsində iclaslar keçirdilər, ağaca plakatlarını yapışdırdılar, özlərini təbliğ elədilər, axırda deputat seçildilər.

Bir gün hiss elədim ki, o kölgə məni incitməyə başlayır, əməlli-başlı əsəblərimi pozurdu. O ağac o qədər böyüdü ki, kökü əvvəlcə hasarları, sonra evləri uçurtmağa başladı. Ağacın budaqları yolda gəlib-gedən maşınların hərəkətinə mane olurdu. Kökü asfalt döşəməni yuxarı qaldırmışdı, elə bil yeri ağzı üstə çevirmək istəyirdi. Elə bil ağac qudurmuşdu.

Bir vaxtlar dibinə su tökdüyümüz ağac get-gedə camaata düşmən kəsilməyə başladı. Axırda qərar verdik ki, o ağacı kəsək. Amma nə qədər elədik, gücümüz çatmadı. Qoymadılar. Çünki ağacın kölgəsi bəzi qonşulara sərf edirdi. Deyirdilər əl dəyməyin, kölgəsində oturmuşuq. Hasarları, evləri uçan qonşular yığıldı ki, o ağacı kəssinlər, icra nümayəndələri qoymadı. Dedilər kölgəsi məhəlləyə lazımdır. Qonşu qonşuya dəydi. Davalar düşdü. Polislər gəldi. Onlar da ağacı kəsməyə icazə vermədilər. Ağac daha da ürəkləndi, bir gecənin içində təzə qol-budaq atdı, asfaltın altında cücərdi, balaladı. Əkmədiyimiz o ağac bizi o küçədə yaşamağa qoymadı, axırda camaat evini satıb başqa yerə köçdü.


Müəllif: Kəramət Böyükçöl