4 Noyabr 2016 16:04
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet Azərbaycanı qəzetlərini vərəqlərkən. 31 oktyabr - 5 noyabr...

1922-ci il

Noyabrın 1-də “Bakinski Raboçi” qəzeti Azərbaycanda teatrın vəziyyətindən yazır. Məqalə Dadaş Bünyadzadə adına Dövlət türk teatrında (indiki Milli Dram Teatrı - Red.) yaranmış çətin şəraitə həsr olunub.

Qəzet yazır: “Bu ilin mayından oktyabrına qədər yoldaş Bünyadzadə adına Dövlət türk teatrı dəfələrlə çətin günlər yaşayıb. Çətin maddi vəziyyət, artistlərin cüzi məvacibi, planlı şəkildə fəaliyyətin olmaması və digər çatışmazlıqlar teatrın işinin gələcəyini sual altına almışdı. Yalnız böyük zəhmət, artistlərin və türk səhnəsinə yaxın adamların müşavirə və müzakirələri bahasına teatrın işini normal məcraya yönəltmək mümkün olub. Çarizm dövründə türk xalqının qeyri-qənaətbəxş siyasi durumu ilə əlaqədar olaraq türk teatrı çox yoxsul idi. Yalnız 1917-ci ildən başlayaraq türk səhnəsinin repertuarı yeni və tərcümə pyesləri ilə zənginləşməyə başlayıb. Bizim fikrimizcə, atılan addımlar türk teatrının işini sağlamlaşdırıb v bu günbəgün, hər yeni tamaşa ilə özünü büruzə verir”.

Qəzet teatrın repertuarındakı əsərlərdən də söz açır. Oktyabrın 27-dən başlayaraq teatrda “Anamın kitabı”, “Şeyda”, tərcümə pyeslərindən isə Leonid Andreyevin “İnsanın həyatı”, Çirikovun “Yəhudilər” əsərləri tamaşaya qoyulur.

1925-ci il

Qəzetin 2 noyabr nömrəsindən bəzi məlumatlar:

İnqilabi Hərbi Şuranın sədri Mixail Frunzenin ölümü ilə əlaqədar noyabrın 3-nə qədər Bakıda, rayon və qəzalarda bütün əyləncə yerləri fəaliyyətini dayandıracaq (Mixail Frunze cərrahi əməliyyat zamanı vəfat etmişdi - Red.)

“Kaspar”ın maarif şöbəsi tərəfindən Lənkəranda 120 nəfərlik yeni ibtidai məktəb açılıb. Məktəbə yalnız Lənkəran limanında çalışanların övladları qəbul olunacaq.

Bakıda gəmiçilik texnikumunda ikinci hazırlıq qrupu təşkil olunub. Məqsəd - yerli kadrlar hazırlamaqdır, odur ki, qrupa yaşları 15-18 olan 15 türk (azərbaycanlı - Red.) qəbul olunub.

1934-cü il

“Bu yaxınlara qədər yaşıllıq cəhətdən ən qeyri-abad şəhər olmuş Bakı artıq Gürcüstan, Özbəkistan və Şimali Qafqaz şəhərlərini şitillərlə təmin edir”, - “Bakinski Raboçi” noyabrın 4-də yazır.

Qəzet şəhərin yaşıllaşdırılmasını Bakı Sovetinin böyük uğurlarından biri sayır. Qəzet yazır: “Son 4 ildə bağ və parkların sahəsi 1931-ci illə müqayisədə 2 dəfə artıb və hazırda 300 hektardan çoxdur. Dağüstü və Zığ parklarının, Rote Fane parkının ərazisində on minlərlə ağac əkilib, Dənizkənarı bulvar genişləndirilib”.

1935-ci il

Oktyabrın 31-də qəzet Kirovabadda (indiki Gəncə - Red.) kolxoz quruculuğunun vəziyyətindən bəhs edən yazıya yer ayırır. Kirovabadın Sabir kəndində çobanlar, sağıcılar, ferma müdirləri və heyvandarlıq sahəsində tanınmış adamlar bir araya gələrək dövlət planının yerinə yetirilməsini, heyvanların qışa hazırlanmasını və “Azərbaycan SSR Xalq Komissarları Sovetinin 23 oktyabr tarixli Dağıstanla Azərbaycan arasında yarışın gedişatına dair 23 oktyabr tarixli qətnaməsi”ni müzakirə ediblər.

Qəzet yazır: “Rayonda 34 südçülük, tərəvəzçilik, atçılıq və donuzçuluq ferması fəaliyyət göstərir. Kolxozçuların 8 faizinin mal-qarası yoxdur, ancaq noyabrın 7-nə qədər onların da inəyi olacaq”.

1937-ci il

Vəsf sənəti bizdə həmişə güclü olub. Bəzən taktika, bəzən strategiya kimi. Zaman isə sadəcə vəsf obyektinin seçimini korrektə edib. Bu gün göylərə qaldırılan sabah yerə çırpılıb.

31 oktyabrda “Bakinski Raboçi”nin yazılarından biri bu cür adlanır: “Aşıqlar böyük Stalini vəsf edirlər”. Əlbəttə, aşıqlarsız olmaz ki.

Nuxada (indiki Şəki - Red.) aşıqların müsabiqəsi keçirilir. Qəzet yazır: “Nuxa aşıqları çoxlu yeni mahnılar yaradıb. Onlar Lenin, Stalin və Sovet Konstitusiyasına mahnılar həsr edirlər. Onların arasında Baş Layiski kəndindən aşıq Əhməd, Cəfərabaddan aşıq Muğun, Daşbulaqdan aşıq Şəmi xüsusilə gözə çarpır. Nuxanın ən yaşlı aşıqı olan 70 yaşlı aşıq Paşa səsinin təmizliyini hələ də qoruyub saxlayıb. Bütün Nuxa aşıq Paşanın vaxtilə xalqı amansızcasına soyan tacirlər haqda satirik şeirlərini yaxşı bilir. Nuxa aşıqlarından ən cavanı 25 yaşlı aşıq Məmməddir. Baş Layiski kəndindən olan aşıq yalnız müasir mövzulardan oxuyur. Onun sonuncu mahnısı ölkədəki seçki kampaniyasına həsr olunub”.

1950-ci il

Noyabrın 2-sində qəzet Elmlər Akademiyasının Nizami adına İnstitutunun əlyazmalar fondunda saxlanılan, ədəbiyyat, fəlsəfə, təbabət, astronomiya və digər elm sahələrini əhatə edən unikal əlyazmalardan bəhs edir. Ən qədim əlyazmalar 15-ci əsrə aiddir.

Əlyazmalar fondunda həmçinin Azərbaycan ədəbiyyatının klassiklərindən Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlının arxivləri qorunub saxlanılır. Fond yenilikcə həmin il vəfat edən yazıçı Məmməd Səid Ordubadinin qiymətli arxivini də əldə edib. Arxivə çoxsaylı məktublar, əlyazma sənədləri və çap olunmamış əsərlər daxildir.

1957-ci il

Bakıda noyabrın 1-dən 10-na qədər Respublika teatrlarının ən yaxşı tamaşalarının dekadası keçirilir.

Opera və balet teatrı “Koroğlu”, “Sevil”, “Əsli və Kərəm” operalarını, “Yeddi gözəl” baletini nümayiş etdirəcək. Əzizbəyov adına teatrın səhnəsində “Cavanşir”, “Almaz” və “Vaqif” tamaşaları göstəriləcək. Rus dram teatrı nümayiş üçün “Vaqif”, “Aydın”, “Yeqor Bulıçev və başqaları” tamaşalarını seçib. Maksim Qorki adına Gənc Tamaşaçılar Teatrı dekadaya “Anacan”, “Sonuncu məktub”, “20 il sonra”, “Gözəl gün” tamaşaları ilə qatılacaq. Musiqili Komediya Teatrının seçimi isə “Məşədi İbad”, “Ulduz”, “Toy kimindir” və “Malinovkada toy” tamaşalarıdır.

Nə deyək, teatr və tamaşa rəngarəngliyi, üstəlik də tamaşaçı bolluğu olan dövrə nostalji...

1962-ci il

“Azərbaycan arıları Xam torpaqda” - 31 oktyabr tarixli yazılardan biri bu cür adlanır.

Yazıda bildirilir ki, bir çox ölkənin arıçıları Böyük Qafqazda yaşayan boz Qafqaz arısına maraq göstərir. Bu arılar aqressiv deyil, onlara üzünü bağlamadan da qulluq etmək olur, üstəlik arılar arasında ən uzun xortum da məhz bu növdə olduğundan o, daha çox və rəngarəng çiçəklərdən nektar toplaya bilir.

Qəzetin yazdığına görə, Azərbaycan arıları ilə Qazaxıstan arıçıları maraqlanıblar. Respublikanın Arıçılıq idarəsinə Qazaxıstanın onlarla kolxoz və sovxozundan arıları onlara göndərmək xahişi ilə məktublar daxil olur. Nəticədə Qusar arıçıları Xam torpaqlara təyyarə ilə paketlərdə 260 beçə yollayır. Arılar özlərini yeni yerlərdə rahat hiss edirlər. Məsələn, Çaykovski adına sovxozdan qusarlılara yazırlar: “Arılar çox əməksevər və məhsuldardır, xahiş edirik bizə təyyarə ilə daha 50 arı ailəsi göndərəsiniz...”

1968-ci il

İndi çox qəribə görünür, ancaq Sovet adamları ölkə həyatında baş verən hər yeni uğurdan xəbərdar olur, hətta bu uğurlara (könüllü, ya administrativ formada - fərq etməz) kollektiv münasibət də bildirirdilər.

Məsələn, noyabrın 2-də qəzet Quba Konserv zavodundankı tədbirdən yazır: əməkçilər kosmonavt Georgi Bereqovoyun idarə etdiyi “Soyuz-3” kosmik gəmisinin Yerə uğurlu dönüşü münasibətilə mitinqə toplaşıblar. Bu, təsadüfi deyildi - Sovet kosmonavtikası dalbadal itkilərə məruz qalmışdı. 1967-ci ildə kKosmonavt Komarovun faciəvi uçuşu, yaxud 1968-ci ildə Yuri Qaqarinin ölümü həmin dövrə düşmüşdü. Və itkilərdən sonra Bereqovoyun müvəffəqiyyəti “qara zolağ”ın sonu kimi qəbul edilirdi.

Qəzet Qubadakı mitinqdə Azərbaycan SSR Ali Sovetinin deputatı, zavodun fəhləsi S.Abbasovun çıxışından sitat gətirir. Abbasov deyir: “Biz hamımız inanırıq ki, Aya ilk olaraq Sovet kosmonavtının enəcəyi gün uzaqda deyil. Böyük Vətənimizin günü gündən daha gözəl olması, çiçəklənməsi üçün daha yaxşı işləməyi arzulayırsan”.

Ancaq Ay yarışını amerikalılar udacaqdı.

1969-cu il

Qəzetin 1 noyabr sayında həkim A.Sinitsınanın məktubu yer alıb. O, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini 1922-ci ildə bitirmiş tələbələrdəndir. Bu, tibb fakültəsinin ilk buraxılışı idi. Üstündən 47 il keçəndən sonra artıq Azərbaycandan kənarda - Dnepropetrovskda çalışan Sinitsına məktubunda keçmiş xatirələrini bölüşərək yazır:

“Azərbaycan Universitetinin yubileyi ərəfəsində bu sətirləri böyük həyəcanla yazıram. Mənim Universitetlə ən xoş xatirələrim bağlıdır. Mən Respublikanın ilk ali məktəbini bitirmiş azsaylı həkimlərdən biriyəm. Təhsil alandan sonra Xalq Səhiyyə Komissarlığının göndərişi ilə Şamaxıda işləmişəm. İndiki gənc mütəxəssislərə bizim necə çətin şəraitdə işlədiyimizi və hansı xəstəliklərlə mübarizə apardığımızı təsəvvür etmək çətindir. 5 il ərzində Şamaxıda mən eyni vaxtda həm terapevt, həm pediatr, həm akuşer, həm də cərrah kimi çalışmışam, çünki, çoxlu kəndləri əhatə edən böyük ərazidə yeganə həkim idim.

Müharibə ərəfəsində tale məni Leninqrada yolladı. Bütün blokada ərzində tibb xidməti kapitanı kimi fəaliyyət göstərdim. İndi Dnepropetrovskda yaşayıram. Yaşıma görə əslində istirahət etməliym, ancaq gənc illərimdə universitetin tələbəsi olarkən qazandığım əmək vüsəti məni əllərimi yanıma salıb oturmağa qoymur. Bu gün də öz müəllimlərimin, yorulmaz zəhmətkeşlərin - Razumovskinin, Şirokoqorovun, Topçubaşovun məsləhətlərini unutmuram və qoruyub saxlayıram...”

1974-cü il

“Bakinski Raboçi” 5 noyabrda “Milyonçu neft quyusu” adlı məlumat dərc edir. Söhbət Duvannı yatağında qazılmış 43 saylı neft quyusundan gedir.

Qəzet yazır: “Bu, Bakı arxipelaqında milyon ton neft verən ilk quyudur. 43-cü quyu 4660 metr dərinlikdə qazılıb, hazırda materiklə estakada vasitəsilə birləşdirilib. Onun “əmək bioqrafiyası” 1966-cı ilin 19 yanvarından başlayır. Həmin gün emal üçün ilk yüz ton yanacaq yola salınıb. Bu gün də fntan vuran quyudan hər gün yüz tondan çox “qara qızıl” hasil edilir”.

1980-cı il

Elm sahəsində Lenin komsomolu mükafatı ilk dəfədir Azərbaycan aliminə verilir. Söhbət tibb elmləri namizədi Məcid Əliyevdən gedir.

1 noyabr nömrəsində qəzet bu uğurdan söz açır. Azərbaycan Tibb İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Məcid Əliyevin fəaliyyət sahəsi sinir sisteminin fəaliyyətində determinant strukturların rolu ilə bağlıdır. 1970-ci illərdə akademik Georgi Krıjanovski tərəfindən irəli sürülmüş determinant strukturlar konsepsiyasının inkişaf etdirilməsində Məcid Əliyevin xidmətləri böyükdür. Onun səyləri nəticəsində mühüm neyropatoloji sindromların yeni mmodeli yaradılıb, patogenezi öyrənilib və eksperimental terapiya metodları hazırlanıb.

Qəzetin yazdığına görə, onun hazırladığı müalicə metodları SSRİ Tibb Elmləri Akademiyasının psixiatriya və nevrologiya institutlarında uğurla tətbiq edilir. Məcid Əliyev hazırda tibb elmləri doktoru dissertasiyasını başa çatdırıb.

Ritorik sual: görən Məcid Əliyev indi haradadır?..


Müəllif: Məmməd Süleymanov