4 İyul 2014 10:54

"Bakının dərdi var, Bakı xəstədir..." Səməd Vurğun bu misranı yazanda təbii ki, bizim haqqında danışacağımız futbol klubu "Bakı"nın yox, paytaxt Bakının dərdindən bəhs eləmişdi. Ancaq təəssüflə də olsa qeyd eləməliyik ki, bu misranı rahatlıqla "Bakı" futbol klubuna aid edə bilərik.

Bəli, "Bakı"nın dərdi var. Həm də çox böyük dərddir. Ağır dərddir. Hətta sağalmaz, çarəsiz, ümidsiz dərddir deyilənə görə.

"Bakı"nın dərdi var, dərmanı isə yoxdur. Çünki bu dərdin müalicəsi artıq çox gecikib. Gizli-gizli, içindən çökürmüş "Bakı", xəbərimiz yoxmuş.

Bir vaxtlar pulu, imkanları, bazası ilə öyünən futbol klubu bu gün can verir. Özü də necə? Ağır-ağır, kəsik-kəsik. Nə o yanlıq olur, nə bu yanlıq.

Bir vaxtlar Hafiz Məmmədovun dilə-dişə sığmayan səxavəti hesabına kef eləyən, qaz vurub qazan dolduran "Bakı"lı futbolçular, bu gün pullarını ala bilmədiklərinə görə yavaş-yavaş klubdan ayrılırlar.
Bir vaxtlar uşaq futbol məktəbindən ağız dolusu bəhs edilən klub bu gün oynatmağa oyunçu tapmır. Kənardan milyonlarla vəsait hesabına cəlb olunanlar da bir az dara düşən kimi "tüpürürlər dabana".
Zaman o zaman idi ki, futbolçular "zolaqlılar"ın heyətində oynamağı arzulayardılar. Elvin Məmmədovu, Əfran İsmayılovu, Rauf Əliyevi "Qarabağ"dan "Bakı"ya dartan da məhz pulların xışıltısı idi. İndi xışıltı kəsilib deyə hamsı ayağını qaçaraq qoyublar.

Rauf "Xəzər Lənkəran"a getmək istəyir, Əfranın "Qarabağ"a qayıdacağını deyirlər, Elvin isə artıq "İnter"lə anlaşıb. Tək bununla bitsəydi nə vardı ki, Cavid Hüseynov da gəmini erkən tərk eləmək istəyir. O da köhnə klubuna, "İnter"ə üz tutub.

Rəhman Hacıyevin isə Türkiyə ikinci dəstəsinə yollanacağı xəbərləri yayılıb. Qısacası "Bakı" dağılır. Xırda-xırda, qəlpə-qəlpə tökülüb, itib gedir.

Hələ bu sadaladığımız oyunçular yerlilərdir. Özmüzünkülər belə edirlərsə əcnəbilərdən, legionerlərdən nə gözləmək olar... Onlar çoxdan çemodanlarını yığıblar. Bircə himə bənddilər. Hamsı da baş götürüb gedəcəklər. Hələ pullarını ala bilməsələr üstəlik FİFA-ya şikayət də edəcəklər.

Yıxılanın dostu olmaz deyirlər. Çətin ki, belə dar macalda kimsə Hafiz Məmmədova güzəştə getsin.
Xatırlayırsınızmı, bilmirəm, hələ çempionatın gedişində "Bakı"da ciddi maddi problemlərin olması söyləntiləri var idi. "Qəbələ" ilə oyun öncəsi idi, oyunçuların səfərə çıxmaqdan və oynamaqdan imtina elədikləri barədə xəbərlər dolaşırdı. Ancaq onda bu məsələ birtəhər həll edilmişdi. Deyəsən, Hafiz Məmmədov özü oyunçularla görüşərək təminat vermişdi.

Ancaq deyəsən, bu, boş təminatlar, yalançı vədlər artıq bitmək üzrədir. Çoxdandır burulğana düşən və çabaladıqca daha da halsızlaşan komanda artıq yarımcan haldadı.

Müxtəlif xəbərlər də bir-birini əvəzləyir. Kimi deyir, "Bakı" klub kimi dağılmayacaq və bundan sonra kluba Cahangir Hacıyev nəzarət edəcək. Kimi deyir, lisenziya sənədləri hazır olmasa klub aşağı dəstəyə göndəriləcək. Bir başqası da deyir ki...

O qədər adam o qədər söz deyir ki. Ancaq heç kim yaxşılığa doğru nəsə demir. Hamının da gözü dikilib klub rəsmilərinin ağzına. Klub rəsmiləri isə ağızlarına su alıb durublar ki, öldür danışmarıq.
Siz istədiyiniz qədər danışmayın. Atəş olmayan yerdən tüstü çıxmaz deyirlər. Görünən dağa da bələdçi lazım deyilmiş. Danışan danışır, görən görür, bilən də bilir.


Müəllif: Zaur Xudiyev
Загрузка...