2 Dekabr 2016 13:53
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz-özümə danışa-danışa “Azərbaycan” nəşriyyatından “Elmlər”ə düşmüşdüm. Qarışıq duyğular içindəydim. “Azadlıq” qəzetində sazlı-sözlü bir köşəm getmişdi. Yazının sonluğuna təxminən belə bir fikir vardı ki, Markesin “Yüz ilin tənhalığı” romanı “Ruhani” havası üstündə yazılıb. Balaca bir köşədə sazın mənəvi gücünü izah etmək üçün dahi Markesi köməyə çağırmışdım.

“Azadlıq”dakı dostlar yazıya görə mənimlə ərkyana zarafatlar eləmişdilər. Aləmin bir-birinə dəydiyi vaxtda, ilin-günün bu vədəsində sazdan yazmaqmı olardı? Saz, yox bir başıxamırlı!

Elnur Astanbəyli əlində qəzet içəri girəndə uşaqların hərəsi yerdən bir söz atmışdı. Elnur köşəni oxuyub gəldiyinə görə söhbəti tutub üzünü uşaqlara çevirmişdi, siz darıxmayın demişdi, bu yazısında Markesə saz çaldırıb, gələn yazıda Ekoya xəngəl yaydırar!

Hələ bir oğlundan narazı atalar kimi başını bulamışdı da.

“Elmlər”in qabağında Elnurun sözlərini düşünüb öz-özümə gülürdüm. Telefonuma gələn zəng gülüşümü yarıda qoydu. Bir yazar dostumuz hardansa beş-on manat pul tapmışdı. Əlimyandıda məni “Monolit”ə çağırırdı – Sabir heykəliylə üzbəüz sosiskaxanaya. “Monolit” Azərbaycanda yeganə yer idi ki, orda “bomj” da araq içirdi, nazirliyin şöbə müdiri də. “Bomj” ucuzluğa görə gəlirdi, şöbə müdiri sovet dövrünün, gəncliyinin qoxusunu almaq üçün.

Avtobusda düşünməyə vaxtım oldu: Bəlkə, mən düz eləmirəm? Bəlkə, bu saz-söz, el-oba söhbətləri heç kimə lazım deyil? İlin-günün bu vaxtında belə şey yazmaq nə qədər düzgündür? Dünya hara gedir, mən taxtaya sim qoşub öz dərdini ağlayan aşıqlardan yazıram... Bəlkə, ədəbiyyatın çağdaş qaydalarında sazın heç bir söz hüququ yoxdur?

“Monolit”ə çatanda dostum sosisləri, turşunu, arağı alıb stola düzmüşdü (orda müştərilər özləri-özlərinə xidmət göstərirdilər). Məni fikirli görsə də, halımı soruşmağa ərindi, “götür, yüz vur görək” deyib, şux ovqat yaratmaq istədi.

Arxam qapıya oturmuşdum. Gəlib-gedəni görmürdüm. Badəni başına çəkib üzünü turşudan dostumun çöhrəsində yaranan təmənnasız təbəssümdən bildim ki, gələn kimdirsə yaxşı adamdı. Geri qanrıldım - Vaqif Bayatlıydı!

Vaqif bəyi heç vaxt danışdırmaq istəməmişəm, mənə elə gəlib ki, onu söhbətə tutmaq, yormaq olmaz. Bu emosional insana verdiyimiz hər sual, onun hər cavabı kişinin ürəyindən bir tel qoparır, sağlamlığına xətər yetirir. Sadəcə, ayağa qalxıb əl sıxdım, əyləşmək təklif elədim. Masa yoldaşım da, deyəsən, məni kimi düşünürdü, kişini çox yormadı. Vaqif bəy oturmaqdan imtina elədi, su alıb çıxıram deyib bizdən aralandı.
Bir dəqiqə keçməmiş dostumun çöhrəsinə yenə təmənnasız təbəssüm qondu – bu dəfə bir az narahat təbəssüm. Vaqif bəy geri qayıtmışdı. Bəlkə, özünü pis hiss eləmişdi, bəlkə, nəsə narahatlığı vardı, bəlkə, nəyisə itirmişdi?

– Oğlum, sənin üzün tanış gəlir.

– Mövluddu adım, ustad. – Ayaqüstə cavab verirdim.

–“Azadlıq”da yazan oğlan deyilsən?

– Bəli...

– Mən sənin yazını oxudum bu gün. Sazdan yazmışdın.

– Bəli...

– Çox gözəl yazmışdın, çox bəyəndim. Markes... Saz... Düz tutmuşdun onları... Üzün tanış gəlirdi, birdən yadıma düşdü, dedim qayıdım özünə deyim. Otur, oğlum, otur.

Vaqif bəy bizimlə sağollaşıb, yaşına yaraşmayan cəldiklə çıxıb getdi.

Dostum gülürdü:

– O boyda şair səni təriflədi, dur get bir araq da sən al!..


Müəllif: Mövlud Mövlud