Lənətə gəlsin bu həyat! Bir daha belə yazılar yazmayacağıma and içmişdim. Gönüqalın həyatın önündə sözlə təkbətək qalanda isə ayrı əlacın qalmır. Gecə saat 3-ü keçib, heç cür yata bilmirəm, qalxıb notbuku və bir də heç cür tərgidə bilmədiyim siqareti yandırıram…
Belə sıxıntılı, narahat günlər 2005-ci ilin fevralından başlandı- işsiz qaldığım vaxtdan. Anam insult keçirmişdi, bir ay xəstəxanada müalicə aldı. Nisbətən yaxşılaşmışdı. Xəstəxanadan yenicə çıxarmışdıq. Dəniz kənarında heç bir şəraiti olmayan, daxmadan heç nəyilə fərqlənməyən üstü bağlı bir yerdə qalırdıq. Ona baxan, qulluğunda duran lazım idi. Belə ağır bir dövrdə işdən çıxarıldım. Elektrik qatarında konduktorların gözündən yayına-yayına şəhərə gedib-gəlirdim. Beləydi vəziyyət, dostlar. Başımı itirmişdim, kimdən yardım istəyəcəyimi bilmirdim. Şahin Ağabəylini həmişə minnətdarlıq hissiylə xatırlayıram, ruhu şad olsun! Halımı görüb “Milli yol” qəzetinə arada köşə yaz” dedi. Anar Yusifoğlu məni darda qoymadı, o vaxt “Press publika” qəzetini nəşr edirdi, ora yazıb qonorar aldım. Məmməd Kazım, Kəramət, Yafəs Türksəs mənə ayaqda qalmağa yardımçı oldular. Faiq Balabəyli “Yeni xəbər” qəzetini nəşr edirdi, ora köşə yazırdım. Aldığım qonorar mənim naharımı və gediş haqqımı güclə ödəyirdi. Məcbur idim, başqa əlacım yox idi. Yazılarımı çox vaxt “elektriçka”da, parklarda dizimin üstündə yazırdım. Redaksiyadan deyirdilər ki, bunu kompyuterdə yığdır, gətir. Bəzən bir yazını kompyuterdə yığdırmağa pulum olmurdu…
2005-ci ilin iyun ayında anam vəfat etdi. Mən onu dəfn etməyə pul tapa bilmədim. Qohumlar sağ olsun, qanımın arasına girdilər. Sonralar “Özgə qapılarında” silsiləsindən 6 hekayə yazdım. Düşünürdüm ki, həyatımın ağır dövrü artıq geridə qalıb. Amma fələk hər zaman pusqudadır. İndi üzləşdiyim ağır xəstəliklər də o günlərin yadigarıdır. Təfərrüatları yazmıram, müxtəlif yazılarımda “Ədəbiyyatın kulisi” kitabımda bu barədə qeydlər var. Altı il dostların, tanışların hesabına yaşamımı sürdürdüm.
Xəstəliyimlə bağlı mətbuat, ədəbi ictimaiyyət gözləmədiyim bir yekdillik nümayiş etdirdi. Hər şey jurnalist Xəyalə Əliyevaya verdiyim müsahibədən sonra başladı. Həmin müsahibəni Azxeber.com saytı yayımladı. Müsahibə bomba kimi partladı. Görkəmli yazıçımız Kamal Abdulla, millət vəkilləri Adil Əliyev, Qənirə xanım Paşayeva, yazar dostum Aysel Əlizadə, Türkiyədə yaşayan sevimli aktrisamız Məlahət xanım Abbasova, Kulisdəki dostlarım, ATV kanalı çox iş gördülər. Azərbaycan Yazıçılar Birliyinin dəstəyini hiss etdim. Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Qulu Ağsəs – bu insanların qarşısında özümü borclu sayıram. Qələm dostum Alpay Azərin məlum açıq məktubundan sonra Xalq yazıçısı Elçin mənim müalicəm üçün əsaslı yardım göstərdi. Adlarını sadalamadığım onlarla media qurumu, qəzetlər bu haqda yazdı, məsələni gündəmdə saxladılar. Hamıya təşəkkürlərim sonsuzdur. Bu, əslində bir yazar üçün böyük xoşbəxtlikdir. O dövrdə çalışdığım Tərcümə Mərkəzinin rəhbərliyinə də təşəkkür etməyə bilmərəm.
Müalicələrə yenicə başlamışdım ki, məlum səbəblərdən işsiz qaldım. Evsizliyə illərdir ki, dözürəm, amma işsizlik ağır imrahandır, dostlar. İşsizlik ac qalmaq deməkdir. Müalicə ərəfəsində ürəyimdə yenidən problemlər yarandı və 10 gün sistem iynələri vurdurdum. Gecələr maşınla “taksovatlığa” çıxıram, çünki qarşıdan kommunal və bank borcları gəlir… Bir aydır yazı yaza bilmirəm, kitab oxuya bilmirəm, kitablar mənə yadlaşıb. İçimdə ədəbiyyatın ölümü məni kədərləndirir… Müalicə, ağır stress… Ürək, əsəblər dözmür. Həyat yoldaşımın içində bir qorxu kök salıb – birdən gecəni yatıb səhərə sağ çıxmaz… Çünki gözü qorxub. Neçə dəfə qəfil ürək tutması onu da bağrıqan edib. Onun da həyatını zəhərə döndərdiyim üçün mənəvi əzab çəkirəm. Bir dəfə biz ailə quranda məmur şairlərdən biri məni qınadı ki, özün bədbəxtsən, başqasını da alıb öz bədbəxtliyinə şərik etmə. Mənə güllə kimi dəymişdi o söz. Hər dəfə o şairlə rastlaşanda həmin yara sızlayır. Söz yarası sağalmır axı. Tərslikdən mənə bütün zərbələr elə bu söz adamlarından dəyir. Vaxtilə kitablarını sevə-sevə oxuduğum bu adamlar nəymiş! Amma mən heç vaxt onların kitablarını kitab rəfindən çıxarıb atmaram. Lənətəgəlmiş ədəbiyyat sevgisi! Vaqif Bayatlı demiş, “güllələyin şairləri!” Yiyəsiz, Allahın ümidinə qalmış qələm adamları bu millətin ögey balalarıdır.
Gecələr yuxum ərşə çəkilir. İntiharı sonuncu güllə kimi özümü vurmaqdan ötrü saxlamışam. Bir yazarın mənəvi rahatlığını əlindən almaq, onu aclıqla üz-üzə qoymaq ölümdən də betərdir. Əlbəttə, heç nə unudulmur, yaddan çıxmır. Yaxşı da, pis də. Orxan Pamuk demiş, “həyat insanı ədəbiyyatdan uzaqlaşdıracaq cəzalarla doludur”.
Müştərinin səsi məni fikirdən ayırır:
-Qardaş, Dərnəgülə neçəyə apararsan?
-Yeddi manat verərsən.
-Beş manatım var.
-Altı elə də, heç olmasa…
-Olanım odur, qardaş canı.
-Otur…