8 İyul 2014 10:06
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mundialın sonuna doğru yaxınlaşdıqca sular durulmağa başlayır. Artıq yarımfinal oyunlarının astanasına gəlib çatmışıq və son dörd təmsilçi hələ çempionat başlamamışdan əvvəl favorit kimi göstərilən komandalardı.

Dünya çempionatının gedişatı boyunca bir çox sürpriz nəticələr, sensasiyalı sonluqlarla rastlaşsaq da axıra qalıb ələyin gözündən keçməyən komandalar həqiqətən elə böyüklər oldu.

Bəri başdan onu da qeyd eləmliyik ki, bu mundialda, xüsusilə də qrup oyunlarından sonra biz hansısa komanda haqqında "çox asanlıqla qazandı", "rahat adladı" deyə bilmərik.

Əgər bu gün yarımfainaldakı dördlük Braziliya, Argentina, Almaniya və Hollandiyadan təşkil olunubsa, Kolumbiya, Kosta Rika, Fransa və Belçikadan ibarət dördlüyü də izləyə bilərdik. Bax bu əsl sürpriz olardı.

Ancaq adlarını ikinci qeyd elədiyimiz məğlub komandalar asanlıqla təslim olmasalar da hər halda son anlarda onların oyununda nə isə çatmadı. Və çox güman ki, bu çatışmayan məhz bəxt idi.

Əgər Kolumbiyanın bir az bəxti gətirsəydi ev sahiblərini növbəti mərhələyə həsrət qoya bilərdilər. Almaniyanın qapısını Noyer yox, bir başqası qorusaydı, fransız hücumçular bir balaca diqqətli oynasaydılar dörd komandadan biri rahatlıqla Fransa ola bilərdi.

Kosta Rika penaltilər seriyasında holland baş məşqçi Lui Van Qalın psixoloji tələsinə düşməsəydi və bir azca da bəxtləri gətirsəydi indi hamı bu sensasiyadan danışırdı. Belçika ondan gözlənilən oyunu büsbütün meydançaya proyeksiya etdirə bilsəydi, Argentina qələbə qazana bilməyəcəkdi. Messi ilə İquaynın da gücü çatmayacaqdı "tanqoçular"ı xilas eləməyə.

Ancaq hər şey gözlənilən kimi oldu. Tarixdə isə nəticə qalır. Məğlub komandaları ən yaxşı halda etibarlı futbol azarkeşləri çox-çox sonralar minnətdarlıqla xatırlayacaqlar yaşatdıqları həyəcanlar üçün.
Bəs yaxşı, görəsən yarımfinaldakı rəqiblərin görüşündən nə gözləmək olar?

Qabaqcadan onu deyək ki, yarımfinal oyunları zamanı bizi şərti olaraq kiçik bir Avropa-Cənubi Amerika qarşıdurması gözləyir. Argentina Hollandiya ilə gücünü sınayacaq. Braziliya isə Almaniya ilə kimin kim olduğuna aydınlıq gətirəcək.

Komandaların bu zamana qədərki oyunlarına baxaraq belə düşünmək olar ki, son oyunlarda nəticələr azarkeşlər üçün sürpriz olmayacaq.

İlkin olaraq Almaniya Braziliya cütünə nəzər salsaq, ev sahiblərinin bir addım öndə olduğunu düşünmək olar. Doğrudur, hər iki komanda bir az çətin qələbə qazanırlar, ancaq məhz meydan amili "pentakampeonlar"ın üstünlüyünü az da olsa artırır. Neymarın zədə səbəbindən dünya çempionatını bağlamasını isə ev sahiblərinin əksinə işləyən əsas amil kimi qeyd eləyə bilərik.

Argentina-Hollandiya oyunu isə daha böyük maraqla gözlənilir. Hücum futbolu oynamağı sevən hər iki komanda turnir boyu sıx müdafiə olunan komandalara qarşı oyunlarda həmişə çətinliklə üzləşdilər.
Ancaq Hollandiya İspaniya ilə ilk oyunda açıq hücum oynayan kollektivlərə qarşı necə amansız olduğunu göstərmişdi.

Argentina isə əsas ulduzlarının formada olub-olmamasından asılı vəziyyətdədir. Di Marianın zədələnməsi və oynamamaq ehtimalı "tanqoçular"ı həyəcanlandıran əsas amildir. Aqueronun zədəsini sağaltması isə nisbətən üzləri güldürür.


Müəllif: Zaur Xudiyev