1 Fevral 2017 19:38
68 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədаlətli cəmiyyət ахtаrışı, insаnlаr üçün əbədi sülh idеyаsı qədim zаmаnlаrdаn bu günə kimi insаn əqlini nаrаhаt еdən, оnu dаim düşünməyə vаdаr еdən ən ümdə prоblеmlərdən biri оlub. Təkcə mütəfəkkirlər deyil, mütərəqqi ruhlu siyasətçilər də sülh idealını təbliğ edib, ona çatmağın yollarını axtarıblar. Hələ XV əsrdə Rotterdamlı Erazm “Sülh şikayəti”, XVII əsrdə Hüqo Qrotsi “Müharibə və sülh hüququ”, XVIII əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”, XIX əsrdə Lev Tolstoy “Hərb və sülh”, Berta fon Zuttner “Silahları buraxın” əsərini yazıb, XX əsrdə Atatürk “yurdda sülh, cahanda sülh” ideyasını irəli sürüb. Sülh arzusu dünyanın bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamda “Əssəlamu-əl-leyküm”, iudaizmdə “Şolom aleyhem” – “Qoy evinizdə sülh olsun” deməkdir.

Lakin bu da acı həqiqətdir ki, 1945-ci ildən bu günə kimi planetdə cəmi 26 dinc gün mövcud olub. Bu o deməkdir ki, bəşəri sülh mədəniyyətinin formalaşması üçün təkcə mütəfəkkirlərin nəzəri ideyaları və dünya siyasətçilərinin praktik fəaliyyəti kifayət etmir. Bunun üçün hər bir bəşər övladı yer üzündə sülh və əmin-amanlığın bərqərar olması uğrunda öz səylərini əsirgəməməli və xəyalında canlandırdığı sülh obrazında özünün yerini və rolunu aydın surətdə dərk etməlidir.

Müharibə və sülh problemi ilə həmişə xeyir və şər problemi kimi rəftar etmək qeyri-mümkündür. Çünki ölkələrin və xalqların öz torpaqlarını düşmən tapdağından azad etmək üçün apardığı müharibələrdə xeyirxah məqsədlər güdülür. Hələ qədim dövrdə yunan alimi Demosfen müharibələri ədalətli və ədalətsiz olmaqla iki yerə ayırırdı. Demosfenə görə, “ədalətli müharibələr doğma vətəni yad tapdağından qorumağa xidmət edir, ədalətsiz müharibələr isə qarət etmək, gəlir əldə etmək məqsədilə aparılır”.

Qədim yunan filosofu Sokrat isə tələbəsi Qlavkona deyirdi: “Səncə, nəticələrinə görə yox, dəyərinə görə qəbul etdiyimiz şey xoşbəxtlikdirmi? Ədalətsizliyə dözmək onu etməkdən də pisdir”.

Dostoyevski isə deyirdi: “İnsanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir, əksinə, onlar həyatını qurban verməyə gedir. Həyatda vətənini, həmvətənlərini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz... Sülh zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarı ilə dəhşətli dərəcədə qorxaqlığa meyllidir. Bəlkə də, elə buna görə o müharibəyə belə susayır, onu çarə kimi görür. Müharibə xalqları bir-birinə hörmət etməyə məcbur edir. Xeyriyyəçilik elə ən çox müharibə meydanında inkişaf edir. Bu hətta qəribə faktdır ki, sülh müharibədən daha çox əsəb yaradır”.

Bütün həyatını və fəaliyyətini sülh uğrunda mübarizəyə sərf edən Avstriya yazıçısı, sülh üzrə Nobel mükafatçısı Berta fon Zuttner isə “Silahları buraxın” əsərində insanları qəti şəkildə müharibədən imtina etməyə çağırırdı. Zuttner insan beyninin, zəkasının qalibiyyətinə inamını heç itirmirdi. O inanırdı ki, insanlar müharibənin dəhşətini bütün ağırlığı ilə dərk edəcək, yalnız ağıl və mərhəmətin gücü ilə ondan imtina edəcək. O, Nobel mükafatının təqdimatındakı çıxışında, istənilən müharibənin törətdiyi vəhşiliklərdən, mənəvi deqradasiyanın qaçılmazlığından, eləcə də yer üzündə sülhün qorunub saxlanılması üçün beynəlxalq münsiflər və beynəlxalq arbitraj məhkəməsinin yaradılması zəruriliyindən danışırdı. “Dövlətlər arasındakı münasibətlərdə nəyin üstünlük təşkil etməli olması – “kobud gücünmü, yoxsa qanununmu” – sualı, bizim hadisələrlə zəngin olan dövrümüzdə də ən aktual məsələ kimi qalmaqdadır. Bu problemin həlli, bizim Avropanı necə görmək istəməyimizdən asılıdır: xarabalıqlar, dağıntılar şəklindəmi, yoxsa qarşıdurmalardan uzaq, dinc və çiçəklənən vəziyyətdəmi”, – deyə Berta Zuttner həyəcan təbili çalırdı.
Təəssüflər olsun ki, sülh həsrətində olan və müharibənin – kobud gücün ən acı dəhşətlərini görən xalqlardan biri də mənim xalqımdır. Mənim xalqımın bir hissəsi – bir milyon qaçqını və köçkünü ölkələrində özlərini qürbətdəki kimi hiss edirlər. Çünki həmin insanların dədə-baba yurdları erməni tapdağı altındadır.

Bəli, biz də müharibə istəmirik, ermənilərin işğala məruz qalan torpaqlarımızdan dinc yolla çıxmasını arzulayırıq. İstəyirik ki, ətrafdan barıt və qan iyi deyil, sülh və gül qoxusu gəlsin. Ətrafda güllələr deyil, güllər açılsın. Ətrafda silah səsləri, yaralı iniltiləri, körpə nalələri, ana fəryadları, övladını çiynində məzara aparan atanın hönkürtüləri (sülh dövründə isə ata oğulun çiynində məzara gedir-müəllif) və matəm marşları deyil, Viktor Hüqonun dediyi “körpə qığıltılarının təntənəli himnləri” və qardaşlıq simfoniyası eşidilsin. Lakin təcavüzkar Ermənistan işğal olunmuş ərazilərdən çıxmasa, xalqımın öz torpaqlarını ədalətli müharibə ilə azad etməkdən başqa bir yolu qalmır.

Müharibədə qələbənin təmin edilməsi üçün isə torpaqlarımızın işğaldan azad edilməsi bizim hər birimiz üçün əsas hədəf halına gəlməlidir. Hədəfə bağlanmalı, onuna bir vəhdət halına gəlməli, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman bu hədəfi düşünməliyik. Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətini çətinləşdirirdi. Dolayısıyla, necə olursa-olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon da bunu heç bir şəkildə ağlından çıxarmırdı və tam 30 il nə mövzuda danışırsa danışsın, xitabını “Delenda est Carthago!” (Karfagen mütləq dağılmalıdır!) ifadəsi ilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.

Mübarizəni əldə silahla aparırlar, lakin qələbəni təkcə silah deyil, döyüşçülərin ruh yüksəkliyi, yüksək əzmkarlığı və xarakteri təmin edir. Qədim çinlilər şimal köçərilərinin hücumlarından qorunmaq üçün Böyük Çin səddini inşa etmişdilər. Divar elə hündür və qalın idi ki, çinlilər onu nə kiminsə dağıda biləcəyini, nə də üstündən adlaya biləcəyini təsəvvür edirdilər. Onlar hesab edirdilər ki, indi rahat və təhlükəsiz yaşamaq olar. Ancaq divarın mövcudluğunun iki yüz ili ərzində yadellilər düz üç dəfə Çin ərazilərinə soxuldular. Düşmənə heç bir dəfə də divarı dağıtmaq və ya üstündən adlamaq lazım gəlmədi, onlar gözətçini satın aldılar və rahatca divarın qapılarından keçdilər. Çinlilər öz uşaqlarında möhkəm xarakter formalaşdırmağı unutmuşdular.

Müharibədə qalib gəlmək üçün düşməni yaxşı tanımaq və mümkün qədər onun dilini, özünü və ölkəsinin xarakterik xüsusiyyətlərini öyrənmək lazımdır. Makedoniyalı İsgəndər yatağının altına iki cür silah qoyurdu: qılıncını və “İliada” poemasını. “Əkinçi”nin bağlanmasının başlıca səbəblərindən biri o idi ki, qəzet 1877-1878-ci illər rus-türk müharibəsinin gedişi haqqında məlumat verərək yerli əhalinin maariflənməsi sahəsində böyük işlər görürdü. Qəzetdə rus qışının həddindən artıq sərt olması və hətta göydə uçan quşların donması haqqında ətraflı yazılar gedirdi. Lakin ruslardan fərqli olaraq, həmin dövrdə türklər düşmən haqqında məlumatların müharibədə nə qədər vacib olması həqiqətini yetərincə dərk edə bilməmişdilər. Yəqin ki, bilsəydilər, L.Tolstoyun o vaxt yenicə nəşr olunmuş “Hərb və sülh” romanını oxuyardılar. Adı çəkilən kitabı Hitler də oxusa, ölkəsindən Moskvaya qədər olan məsafənin necə uzaq olduğunu və Rusiya qışının necə sərt keçdiyini bilsəydi, bəlkə də SSRİ-yə hücüm etmək fikrindən yayınardı. ABŞ Vyetnamı yaxşı tanısaydı, on minlərlə əsgərini cəngəllikdə və bataqlıqda qurban verməzdi. Elə ermənilərlə müharibənin əvvəllində bizim məğlubiyyətimizin səbəblərindən biri, ermənilərin bizi (necə humanist olduğumuzu-müəllif) və ölkəmizi yaxşı tanıması (ermənilər əsasən Azərbaycanın səfalı guşələrində məskən salırdılar-müəllif), xalqımızın isə ermənilərin necə vəhşi və qaniçən xalq olmasını tez bir zamanda unutması idi. Serj Sərkisyan (bu SS, Hitlerin SS-indən daha qəddardır-müəllif) müdafiə naziri olduğu dövrdə – 2000-ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibəsində deyib: “Xocalı qətliamı ona görə törədildi ki, azərbaycanlılar bizim zarafat etmədiyimizi başa düşsünlər”.

Müharibədə düşmən ölkənin coğrafi mövqeyi, tarixi xüsusiyyətləri və əhalisinin xarakterik cəhətləri ilə yanaşı savaşın baş verdiyi mövcud şəraiti də yetərincə dəyərləndirmək lazımdır. 1071-ci ildə Asiyanın taleyini həll edən Malazgird savaşında türklərin Bizans üzərində qələbəsini güclü bir rüzgar, 1815-ci ildə Avropanın taleyini həll edən Vaterloo döyüşündə Britaniya və müttəfiqlərinin Fransa üzərində qələbəsini isə döyüş baş verəcək əraziyə yağan yağış təmin etdi. Çaldıran döyüşündən qabaq sərkərdələrin top atəşindən yayınmaq məqsədilə gecə ikən hücum etmək təklifinə Şah İsmayılın “Mən karvan basan quldur deyiləm” cavabının nə ilə nəticələndiyi hamımıza yaxşı məlumdur. Tüfəngi və siyasəti igidliklə bir araya sığdırmayan, nərəsi ilə dağı-daşı silkələyən Koroğlunun keçəl Həmzə tərəfindən əli-qolu bağlı vəziyyətdə ələ keçirilməsi də türklərin igidliyi taktiki manevrlə bir arada görmək istəməməsinin nəticəsidir. Siyasəti ilk dəfə təcrübi elm kimi əsaslandıran Makiavelli isə deyir ki, qalibləri mühakimə etmirlər. Qələbə (özü də qəddar bir düşmən üzərində-müəllif) necə və hansı qiymətə başa gəlməsindən asılı olmayaraq utanc hissi doğurmur.

Torpağı düşməndən azad etmək üçün Vətənin sizlərin mərhəmətinə yox, cəsarətinə ehtiyacı var. Savaş ildırım qaya üzərindəki elə bir körpüdür ki, orada ancaq irəliyə yol var, geriyə yox. Məzlumu zalımın əlindən rəhmlə yox, ancaq cəsarətlə, şərəflə, mübarizə ilə almaq lazımdır. Mübarizə və şərəf deyərkən, yadıma hər iki duyğunu özündə vəhdət halında cəmləşdirən, adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan, nəsillərin verdiyi əzəmətlə, qayğıkeşliklə yüklənmiş adı özünü qəhrəmanlığı ilə doğruldan Mübariz İbrahimov yadıma düşdü. Bilirsiniz Mübarizi təkbaşına o qədər erməni ilə qeyri-bərabər döyüşə aparan nə idi? Əlbəttə ki, onun şərəfi və Vətən sevgisi.

Birinci Avropa Oyunlarının məşəlini açılış mərasiminə Qarabağ müharibəsində hər iki gözünü itirmiş qəhrəmanımız İlham Zəkiyevin gətirməsi təsadüfi deyildi. İlham Zəkiyev Qarabağda gözünün nurunu itirsə də, öz odu və nuru ilə dünyaya istilik və nəfəs gətirdi. Zəkiyev Azərbaycan ruhunun sınmaz və qələbə əzmində olduğunu, Xeyirin Şər üzərində hökmən qalib gələcəyini bir daha sübut etdi. İrəvanda keçirilən yarışlarda Azərbaycan bayrağını dalğalandırmış və himnimizi səsləndirmiş cüdoçumuz Elmar Qasımovun bu yarışlarda Azərbaycanın bayraqdarı olması da verilən mesajın tərkib hissəsi idi: “İnşallah, Qarabağda bayrağımızı da qaldıracağıq, məşəlimizi də alovlandıracağıq. Məşəlimizi növbəti dəfə Quzanlıya yox, Ağdama; Xocavəndə deyil, Şuşaya aparacağıq”.

Avropa Oyunlarında İlham Zəkiyevin qələbə qazanması və Prezident İlham Əliyevin fəxri kürsüyə onunla birlikdə çıxması göstərdi ki, ədalət, xoş niyyət və xalqla birlik hər zaman qələbə çalacaq. İlham Zəkiyev dünyaya qəti şəkildə bəyan etdi ki, Azərbaycan xalqı Qarabağa Prezident İlham Əliyevlə birlikdə qədəm qoymaq əzmindədir.


Müəllif: Ceyhun Hüseynov