24 Aprel 2014 09:59
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarım final mərhələsinin cavab oyunları keçiriləcək. Finala çıxmaq üçün son addım kimi əhəmiyyətli olacaq oyunlarda iki Bakı, iki əyalət klubu mübarizə aparacaqlar.

Bakıda baş tutacaq qarşılaşmada “Rəvan” “Neftçi”ni qəbul edəcək. İlk oyunda rəqib meydançasında 1-1 hesablı qollu və sərfəli bərabərliklə oyunu başa vurmağı bacaran “Rəvan” evdə də səfər qolunun üstünlüklərindən yararlanaraq sensasiyaya imza atmaq istəyir.

Avrokuboklara çıxış üçün alternativ yol olan ölkə kubokunu qazanmaq üçün “sarı-qırmızı”lara qolsuz bərabərlik və istənilən hesablı qələbə bəs edəcək.

“Neftçi” isə mütləq ya qələbə qazanmalı, ya da ən az iki qollu heç-heçə eləməyi bacarmalıdır.
Komandaların son vəziyyətlərinə nəzər salası olsaq görərik ki, hər iki klub çempionatda keçirdiyi oyunlarda məğlub olublar. “Rəvan” çempionatda mükafatlara iddialı olan, eyni zamanda kubokda finala çıxarsa, potensial rəqibi sayılacaq “Qəbələ”yə səfərdə yenilib.

Əsas oyunçularını kubok üçün qoruyub saxlayan Güvənc Kurtar bu oyuna nisbətən gənc heyətlə çıxmışdı və bu nəticə elə də gözlənilməz olmadı.

“Neftçi” isə sözün əsl mənasında sürpriz eləyərək öz meydanında autsayder “Sumqayıt”a yenildi. Ümumiyyətlə, rəhbərlik və məşqçilər korpusu açıq-aşkar büruzə verməsələr də, komandada daxili atmosferin o qədər də ürəkaçan olmadığı bəllidir. Autsayderə yenilməklə ikinci pilləni də əldən verən “Neftçi” avrokubok hədəfində işini şansa buraxmamaq üçün mütləq kubokda finala çıxmaq və təbii ki, qalib olmaq istəyir.

Kimin arzusuna çatacağı isə saat 17:00-da “Bayıl Arena” stadionunda başlayacaq oyundan sonra bilinəcək.

Digər yarımfinal oyunu isə Lənkəranda oynanılacaq. “Ağ-yaşıllar” “Qəbələ”ni qonaq edəcəklər. Bu komandalar arasındakı ilk oyunda “Qəbələ” 3-0 hesablı qələbə qazanmışdı. Səfərə nisbətən rahat yollanan Yuri Syominin yetirmələrinin bu şansı əldən verməyəcəklərini düşünmək olar. Avrokuboklara çıxmaq üçün “çempionat yolunda” da şanslarını saxlayan bölgə təmsilçisi bu tərəfdən də işini qarantiya altına almaq istəyir.

Mustafa Dənizli isə səfərdə əldə olunan biabırçı nəticənin evdə aradan qaldırılması üçün yeni formullar fikirləşib tapmalıdır. Çünki komandada işlərin qaydasında olmadığı gün kimi aydındır. Çempionat başlayarkən yüksək hədəfləri olan, ancaq bu hədəflərindən vaz keçməyə məcbur olan cənubluların avrokuboklara getmək üçün son ümidləri kuboka qalıb.

Üstəlik, bu il on illik yubileyini qeyd eləyən lənkəranlılar mövsümü heç olmasa kubokla başa vurmaq istəyirdilər, ancaq göründüyü kimi, bu heç də asan olmayacaq. Təbii ki, mümkünsüz heç bir şey yoxdur, ancaq komandanın bu halı ilə bunu bacaracağına şübhə ilə yanaşanlar daha çoxdur.

Komandaların son oyunlarına nəzər salsaq görərik ki, burada da “Qəbələ” üstün tərəf kimi görünür. Çempionatın son turunda “Rəvan”ı qəbul eləyən və qalib gələn əyalət klubu üç qolluq fərqin də verdiyi özgüvənlə Lənkərana rahat gəlib. İlk dəfə finala çıxmağa bir belə yaxınlaşmışkən bu şansı əldən vermək möcüzə olardı.

“Xəzər Lənkəran” isə son turda öz meydanında AZAL-la bərabərə qalaraq onsuz da çətin olan vəziyyətini bir az da çətinləşdirmiş oldu.

Oyun isə bu gün saat 19:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.
Finala ən güclülər layiqdir. Güclü olan qazansın!


Müəllif: Zaur Xudiyev