5 May 2017 18:22
2 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcazə verin, mən bozbaş bişirə bilməyən qadını qadın hesab etməyim. Olarmı?

Bir də görürsən biri çıxıb qadın azadlığından, qadın-kişi bərabərliyindən danışır, hüquqlardan və hüquqsuzluqlardan dəm vurur. Niyə qadın bütün günü ev yığışdırmalıdır? Niyə yemək bişirməlidir, uşağa baxmalıdır?

Sual verirəm: Niyə qadın ev işlərini görməməlidir, uşaqlara baxmamalı, yemək bişirməməlidir?

Gəlin sizə günlük iş rejimimdən danışım. Səhər yuxudan dur. Uşağı hazırla, evin yaxınlığında bağça var, ora apar. Qayıt evə, uşağın tör-töküntüsünü təmizlə. Bir az mətbəxə əl gəzdir, bir az həyətə, bir az otaqlara. Həyat yoldaşının pal-paltarın hazırla, səhər yeməyini ver. Otağı təmizlə. Hazırlaş, evdən çıx. Dərslərdə otur (Bakı Dövlət Universitetində üçüncü kursda oxuyuram). Dərslər bitəndən sonra kəsr dərsini gözlə. (Övladımız dünyaya gəldiyi üçün universitetdə akademik borcum qaldı, kəsr dərsi deyəndə onları nəzərdə tuturam.)

Bu müddət ərzində kitabxanaya get, kurs işi yaz, dərs oxu, yazı hazırla. Sonra yenə gir kəsr dərsinə. Həm də işləyirəm ki, evə köməyim dəysin. Dərsdən çıx get müsahibə al. Müsahibədən çıx təzədən bağçaya get. Uşağı götür, qayıt evə. Evdə balacanı rahatla, yeməyini, çayını, suyunu ver. Bir tikə çörək ye. Yoxdursa, axşam yeməyi hazırla. Mətbəxdə bir-iki saat ləngi, iş gör. Müsahibəni köçürməyə başla, uşaq qoymasın. Ağlasın. Onu sakitləşdir...

Qəfil yadına düşsün ki, bir yeşik çirkli paltar var. Onları yu, qurut, ütülə. Axşam yeməyi üçün süfrə qur, yığışdır, qabları yu. Uşağı yedizdir, yatızdır, tör-töküntüsünü təmizlə. Get mətbəxə, şirniyyat bişir. Sonda da otur müsahibəni köçür. Bir də bax ki, sadəcə, gözün açıq qalıb. Sən ki çoxdan yatıbsan.

Bəs bütün günü evdə oturan, dərs dərdi, iş dərdi çəkməyən qadınlar niyə azadlıq istəyir? Niyə yeməyini bişirmək istəmir, paltar yumur, həyat yoldaşını xoş üzlə qarşılamır? Qadın bütün günü niyə deyinsin ki? İşləmir deyə? Xeyr. Sadəcə, mənə elə gəlir ki, bizim qadınlarımız çox tənbəldir. Özlərini işə vermək istəmirlər. Ərim işləməyə qoymur bəhanəsi yalandır. Vallah, sevdiyin həyat yoldaşının kirli corablarını yumaqda heç bir zəiflik, qürursuzluq-filan yoxdur. Əksinə, zövq verir.

Sonda isə demək istəyirəm ki, bozbaş çox dadlı yeməkdir. Qəşəng soğança edirsən, sonra qaynatdığın ətin suyunu soğançanın üstünə töküb bir neçə dəqiqə qaynadırsan. Həmin dəqiqələrdə qəşəng mahnı da oxuyursan. Məsələn, belə bir mahnı:

Sürmə çəkdim gözümə,

Düşdüm çölün düzünə...

Əti əlavə edib yarım saat gözləyirsən. Sonra qıraqda bişirdiyin noxudları tökürsən. Bu yanda kartofları soyub iki yerə bölürsən, əlavə edirsən qazana. Bu dəfə kartof üçün də mahnı oxuyursan:

Dağlar qızı reyhan, reyhan, reyhan

Aləm sənə heyran, reyhan, reyhan...

Gördün ki, yemək hazırdır, göyərtini xırda-xırda doğrayıb tökürsən yeməyə. Üstündən bir ovuc sevgi səpirsən, bir çimdik, şəfqət, bir çimdik məhəbbət...

Bozbaş hazırdır. Nuş olsun! Tez gəl, əzizim!


Müəllif: Çinarə Böyükçöl