16 İyul 2014 11:51

Dünya çempionatı davam elədiyi müddətdə fikir verirdim, sosial şəbəkələrdə, dost məclislərində, küçədə-bayırda, dükanda-bazarda bilən-bilməyən hamı futbol haqqında danışırdı. Hamının özünə-məxsus fikri vardı futbol haqqında.

Ancaq mundial başa çatan kimi hamı sözləşibmiş kimi sükuta daldı. Futbol mövzusu azaldı. Halbuki dünya çempionatı bitər-bitməz Azərbaycan klublarının da oyunu başladı.

Komandalarımız Avropa səviyyəli oyunlarda ölkəmizin adı-şərəfi üçün döyüşəcəklər. Di gəl, bir neçə idman sahəsinə aid adamdan başqa artıq heç kimi maraqlandırmır bu mövzu. Yerli futboldan söz salarkən, stadionların niyə boş qaldığını müzakirə eləmək mənasız olar, məncə. Düşünə bilərsiniz ki, axı, bizim o qədər səviyyəli çempionatımız yoxdur ki, dolu tribunalara da iddia edək.

Əlbəttə, bir-biri ilə sıx əlaqədə olan nəsnələrdir. Azarkeş marağı, dəstəyi komandanın oyununa, komandaların uğurlu çıxışı da azarkeş dəstəyinin artmasına təsir edir.

Əslində haqlı iradddır, ancaq...

Atamdan eşitdiyimə görə, sovet vaxtında Gürcüstanda "Dinamo Tbilisi"nin əsas oyunlarını, xüsusilə "Neftçi" ilə qarşılaşmaların birini də buraxmırmış. Dediyinə görə, onda stadionlarda adam əlindən tərpənmək də olmurmuş.

Bəs görəsən, indi nədir azarkeşləri stadionlardan uzaq salan?

Bir neçə bənddə aydınlaşdırmağa çalışaq.

1. Uğursuz oyunlar.
Daim yenilən, uğura həsrət qalan bir komandaya kim, niyə azarkeşlik eləsin ki?
Razıyam, ancaq son illərdəki klub futbolumuzda baş verən müsbət dəyişikliklərdən sonra, ən azından klublarmızın Avrokubok oyunlarında kifayət qədər azarkeş görmək niyə mümkün olmasın ki?
Fəqət bu durum hələ də bizim istədiyimiz, gözlədiyimiz vəziyyətdə deyil.

2. Zəif təşkil olunmuş turnirlər.
Deyə bilərsiniz ki, axı, Azərbaycan çempionatı, orda çıxış eləyən komandalar nə qədər maraqlı oyun nümayiş etdirə bilirlər ki, stadion dolusu da azarkeş gözləsinlər?
Razıyam, milli birinciliyimizin səviyyəsi yüksək deyil, hər tur bir-iki oyunu çıxsaq, maraqlı sayıla biləcək oyunlara rast gəlinmir. Ancaq komandalarımız Avropada bizi təmsil edirlərsə, azarkeşin stadiona yollanıb canlı futbol izləməsinə nə mane ola bilər ki?

3. Əhalinin sosial vəziyyəti.
İddia edə bilərsiniz: Başı daha çox dolanışığa qarışmış "orta statistik azərbaycanlı" futbola istəsə belə, baxmağa vaxt tapmır. Xüsusilə çempionat oyunlarının həftə içi, iş günlərinə salınması azarkeşləri stadionlardan uzaqlaşdıran önəmli səbəblərdəndir.
Razılaşıram, ancaq xatırlatmağı da özümə borc bilirəm. Klublarmızın beynəlxalq səviyyəli turnirlərdə keçirdikləri oyunlar adətən, axşam saatlarına, iş vaxtının bitməsindən sonraya salınır.

Məsələn, Avroliqada bizi təmsil edəcək klublardan biri "Neftçi"nin ev oyunu sabah axşam saat 20:00-a təyin olunub. Həqiqətən dəstək olmaq istəyən azarkeş üçün ideal vaxtdır.

Kimsə mənə sosial maddi imkansızlıqdan bəhs etməsin. Çünki stadionlarda biletə qoyulan qiymətlər o qədər simvolikdir ki, hətta bəzən adama gülməli də gəlir.

"Neftçi"nin bu dəfəki oyunun əksər biletləri 1 manatdır. Düz oxudunuz, cəmi bir manat.
Bəhanəniz qalmadı, cənablar. Gəlin hamılıqla inanaq klublarımıza, gedək dəstəkləyək. Əmin olun ki, bizim dəstəyimiz onlar üçün çox önəmlidir.


Müəllif: Zaur Xudiyev
Загрузка...