15 May 2017 12:35
2 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə vaxtdır, işsizəm. Ata-anam da üzümə baxmır. Atam ümumiyyətlə, tutumlu kişidir, ondan qışda qar almaq olmur. Yenə anam sağ olsun, keçən ilin noyabr ayından bəri satdığı pendirin pulunu siqaretimə, cibxərcliyiməcə verir. Onun hesabına qırıldanıram.

Yeri gəlmişkən, dünən Analar günü idi. Təzə yazdığım şeiri oxudum, o üzünə keçdim - öpdüm, bu üzünə keçdim - yaltaqlandım, hədiyyəsiz könlünü ala bilmədim. Söz verdim ki, əlim çörəyə çatsın, birinci maaşıma sənə bir güllü don alacam, geyinib qonşunun arvadlarını çatladarsan. Razılaşdı.

Bu bir neçə ayda yeganə təsəllim filmlər olub. Filmlərdən can qurtaranda musiqilərə, musiqilərdən iyrənəndə kitablara, kitablardan sıxılanda təbiət qoynuna üz tuturam. Gəzməyə yer tapmayanda isə əzəli-əbədi tutunacağım sosial şəbəkələrdir.

Yalan olmasın, günə dörd min səkkiz yüz səksən beş yarım status yazıram, yenə ürəyim soyumur. Sağ olsun, ölkə gündəmini formalaşdıranlar, bir gün boş dayanmırlar. Şair demiş, mən də “hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, yazıram səhər-axşam...”

İki gün qabaq yenə belə sırandan günlərin adi səhərlərindən biri idi, inboksu açıb gördüm, Türkiyədə yaşayan yerlim yeni video göndərib. Söz düşüb deyim, bu zalım oğlu da Anadolu Xəbər Agentliyindən iti işləyir. Dünyanın harasında bir axmaq hadisə olur, qurdlu it kimi o dəqiqə tapıb yollayır ki, şair, “təzə tema” var.

Yolladığı köhnə videolarda ara-sıra üzümü güldürən məqamlar olduğundan təzəni böyük həvəslə açıb, gözümü ekrana zillədim.

Bir adam iti qabağına qoyub ayaqqabısının cırılmış yerlərini göstərə-göstərə üzünü danlayırdı: “Bax, bu ayaqqabını altı manata almışam, sən də səhər-axşam o yana sürüyür, bu yana sürüyür, cırırsan. Demirsənmi yazığam? Axı, mən bu ayaqqabının pulunu qazanana kimi, xətrinə dəyməsin, itin zülmünü çəkmişəm. İndi də dəysin. Cəhənnəmə dəysin, qara gora dəysin. Bəsdir axı, mən də canam”.

Qulağını çəkir, başını qapazlayır, sonra ürəyi durmur, sığallayır, dönüb qayıdıb tənbehləyir, qaçıb qapıdakı dizboyu çəmənlikdə gizlənməyə hər cür şəraiti olan it isə günahkar uşaqlar kimi səsini çıxarmadan maddım-maddım onun üzünə baxırdı.

Heyvanlara həssas adam olduğum üçün videonu yarımçıq saxlamaq istəyirdim, birdən qəhrəmanım səsi titrəyə-titrəyə belə bir cümlə işlətdi: “Ola bilsin, indi sən mənim sözlərimə əsəbiləşir, inciyirsən. Bəlkə də haqlısan. Amma mənim bildiyim bir həqiqət var: düz deyən düzdə qalar. Yəqin hamı kimi sən də məni atacaqsan, Coni. Əminəm, atıb gedəcəksən, yenə tək qalacam. Çıx, get, vecimə də deyil, öyrənmişəm”.

Ürəyim ağrıdı. Videonu yaxınlaşdıranda adamı tanıdım. Kəndimizin məşhur məhəlləsi “Şeytanbazar”ın gözünün ağı-qarası Osman idi, hamının “dəli” kimi tanıdığı Osman.

Yadıma düşdü ki, ad-sanı vardı, hər yerə əli çatır, hamının hər işinə qaçır, kənddən şəhərə gedəni evində qonaq eləməmiş buraxmırdı deyə, qabaqlar o, gəlib gedəndə uşaq-böyük qabağına yüyürür, əlini sıxmaq üçün növbəyə düzülürdü. Özünü o məclis sənin, bu məclis mənim gəzdirir, o dövrə aid son model maşınını yuduzdurur, evinə marketdən bazarlıq eləyib “xoşgəldin” sovqatı göndərirdilər. İndi isə adam yerinə sayan yoxdur, yalquzaq həyatı yaşayır, darıxdığından dərdini qaraqulaq köpəyinə danışır.

Məhəllənin avara uşaqları isə videoya çəkib gülür, onu ələ salırlar: “Gül kimi usta idim, maşın ustası. Bakıda işlədiyim emalatxana sahibinin fırıldaqlıqlarına, cibkəsənliyinə ürəyim dözmədi, arvad-uşağın dərdindən səsimi çıxarmadım, içib işlədim, işləyib içdim”.

Bax, bu yanğıya, bu ağrıya hansı adam gülər, siz Allah?

Danışdıqca gözləri böyüyüb nəlbəki boyda olur, səsi yüksəlirdi. Söz bu məqama gələndə sağ əlinin şəhadət barmağını göyə qaldırıb buludların yağlı yerindən sıyırdı, yavaş-yavaş endirib boğazına dayadı: “Nəhayət, bıçaq sümüyə dirənəndə – ömründə bir dəfə Bakıda maşın ustasına işi düşən fağır kəndçimi soymağa çalışanda açdım sandığı, tökdüm pambığı...

Müdirin məni işdən atmağı iki dəqiqə çəkmədi, avara qaldım. Əyyaşlığım üzündən arvad-uşaq da yiyə durmadı, məcbur kəndə gəldim ki, ayıbım örtülsün. İndi həmin kəndçim kəndin mərkəzində məni görəndə uzaq gəzir, Coni. Qaçır ki, keçən sözü üzə çəkərəm... Anlayırsanmı, Coni?”

Söhbətin gedişatında Coninin balaca qara burnuna qonan milçəkləri qovmaq üçün başını aşağı-yuxarı, sağa-sola yelləməsi məndə belə bir təəssürat yaratdı ki, o, sahibinin dediklərini cümləbəcümlə anlayır.

Videonun son saniyələri idi. Osman itin başını iki əlinin arasına alıb alnından öpdü. Sonra isə göz-gözə dayanıb soruşdu: “Yadına gəlirmi, Coni? Hə, sən hələ küçük idin onda, hardan yadına gəlsin? Qışın ortasında ananı maşın vurub öldürmüşdü, soyuqdan əsirdin. Başına qaxmaq kimi olmasın, bax, onda səni mən götürüb saxladım. Böyütdüm. Özümün yeməyə çörəyim olmadı, sənə süd aldım; qazım, işığım yox idi, çır-çırpı yığıb ocaq qaladım, səni üşüməyə qoymadım, Coni. İndi sənin məni dinləməyə səbrin çatmır, bilirəm, çatmır. Susub durmağına baxma, əlacın olsa, sən də hamı kimi atıb gedərsən... Çünki düz danışan adamam”.


Müəllif: Hikmət Orhun